• Şb. Apr 27th, 2024

Azərbaycan qlobal sülhə və həmrəyliyə xidmət edən məqsədyönlü addımlar atır

ByYenigun.news

Mar 14, 2021

Müstəqil Azərbaycan dövlətinin yaradıcısı, ümummilli lider Heydər Əliyevin yeni dünya düzənində regional və qlobal inteqrasiyanın strateji xəttini milli inkişafın prioritet istiqamətlərindən biri kimi önə çəkməsi, onu ardıcıl olaraq həyata keçirməsi, bu yöndə aparılan bütün fəaliyyətini müstəqilliyin möhkəmləndirilməsi və Azərbaycanın dünyada özünütəsdiqinə nail olması bu gün hamı tərəfindən qəbul olunmuş gerçəklikdir.

Ölkə rəhbəri çıxışlarında vaxtaşırı olaraq xarici siyasətin əsaslarına toxunub, onları izah edib. Bu, çox açıq və prinsipial siyasətdir. Azərbaycanın çoxşaxəli xarici siyasət yürütdüyünü qeyd edən Prezident İlham Əliyev deyib: “Beynəlxalq təşkilatlarda nə qədər fəal iş apardıq. Bəziləri hesab edirdi ki, bu işlər əbəsdir. Yox, elə deyil. Biz İkinci Qarabağ müharibəsi üçün hüquqi bazanı daha da möhkəmləndirməli idik. 2005-ci ilə qədər əsas hüquqi baza olaraq ancaq BMT Təhlükəsizlik Şurasının qətnamələri var idi. Amma onlar icra edilmirdi, biz onları icra etdik”.İndi Ermənistan təcrid edilmiş vəziyyətdədir. Biz bütün qonşularla çox səmərəli, dostluq və mehriban qonşuluq əsasında münasibətlər qurduq və bu da bir hazırlıq idi. Mən bunu açıq demək istəyirəm, əgər bu sahədə hazırlıq işləri aparılmasaydı, İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi. Bu fikirləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında söyləyib.

Azərbaycan kifayət qədər mürəkkəb və strateji əhəmiyyətli regionda yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən, bir tərəfdən, öz milli maraqlarını qorumaq, bölgənin aparıcı dövləti statusunu möhkəmlətmək, digər tərəfdən, bölgədə maraqları olan bütün dövlətlərlə, eləcə də qonşu dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq və genişləndirmək kriteriyalarından çıxış edir. Bu baxımdan Azərbaycan dövlətinin xarici siyasətinin əsasını balanslaşdırılmış siyasət, müstəqilliyimizin beynəlxalq dayaqlarını daha da möhkəmləndirməyə istiqamətlənmiş qlobal layihələrin həyata keçirilməsi, dunyanın güclu dövlətləri və aparıcı beynəlxalq təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi təşkil edir. Tam əminliklə deyə bilərik ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı anlaşma, hörmət və heç bir dövlətin daxili işlərinə qarışmadan və bütün dünyada qəbul edilmiş demokratik prinsiplərə əsaslanan müstəqil siyasət həyata keçirir.

Azərbaycan Prezidenti mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirir. Digər dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq Azərbaycanın başqa ölkələrlə qarşılıqlı əlaqələrində başlıca prinsipdir. Dövlət başçımızın müstəqil dövlətimizin milli maraqlarının təmin olunmasına və onun qlobal, habelə regional mövqeyinin möhkəmləndirilməsinə yönələn xarici siyasət prioritetləri Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, ölkəmizin təhlükəsizliyi ilə bağlı narahatlıq doğuran təxirəsalınmaz məsələlərin həllidir. Bir daha qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi danışıqların ilk günlərindən dəyişməz olaraq qalırdı. Dövlətimizin başçısı qətiyyətlə bildirirdi ki, münaqişənin aradan qaldırılması üçün erməni hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması, bu ərazilərdə Azərbaycanın pozulmuş suveren hüquqlarının bərpası, məcburi köçkünlərin öz doğma ocaqlarına qaytarılması, Azərbaycanın Dağlıq Qarabağ regionunda ölkənin hərtərəfli iqtisadi inkişafı çərçivəsində kommunikasiyaların bərpası və sosial-iqtisadi inkişafı üçün şərtlərin müəyyən olunmasından başqa yol yoxdur.  Və bütün bunlar illər uzunu deyilirdi, söz yerə düşəndə isə “dəmir yumruq” işə düşdü. 

Doğrudur, itkilərimiz də oldu, ancaq bir məsələ də var ki, şəhidlər olmasaydı, hələ bundan sonra da itirə-itirə yaşayacaqdıq. Biz itirilənlərin də qisasını aldıq. Möhtərəm Prezidentimizin sözləri ilə desək, biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Heç vaxt şəhidlərimizin qəhrəmanlığını unutmayacağıq. Amma biz şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanını aldıq. Düşməndən qisasımızı döyüş meydanında aldıq. Xalqımızın böyüklüyünü bir daha göstərmək üçün hesab edirəm ki, əldə olunmuş qələbə bizi tam qane edir. Biz bundan sonra belə yaşamalıyıq. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qisasımızı aldıq, düşməni cəzalandırdıq. Bütün dünyanın gözü qarşısında onlar bizim qabağımızda diz çöküblər, təslim olublar, ağ bayraq qaldırıblar və bundan sonra məğlub edilmiş ölkə damğası ilə əbədi yaşayacaqlar. Biz isə bundan sonra qürurlu xalq kimi və mübariz dövlət kimi yaşayacağıq,

Səidə Şükürova,
Cəlilabad şəhər Z.Əliyeva adına 7 nömrəli tam orta məktəbin direktoru

Yenigun.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir