• Ça. Sen 26th, 2023

AZƏRBAYCANIN DÜNYA BİRLİYİNDƏ YERİ MÖHKƏMLƏNİR

Byadmin

Okt 17, 2021

  Prezident İlham Əliyevin oktyabrın 11-də  Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə çıxışı  bu gün Azərbaycanın  dünya birliyində yeri və rolunun aydın mənzərəsini yaradır. 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Bu müddət ərzində dövlətimizin rəhbərliyi tərəfindən fundamental işlər görülüb,  ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanıb. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edilib. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul etdilər. Bu, bilavasitə Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin təzahürüdür.Hərəkata sədrliyi dövründə Azərbaycanın mühüm təşəbbüsləri və əldə olunan nəticələr qürurvericidir.
   Ötən müddət ərzində ölkəmiz beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsi münasibətlərimizin davamlı olması üçün zəmin yaratmışdır.
 Azərbaycanın ədalətli mövqeyi Hərəkat tərəfindən daim bəyənilərək dəstəklənib. Təsadüfi deyil ki, 2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul edib. Vətən müharibəsi zamanı - 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olunub. Bu sənədlərdə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə edib. Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev deyib ki, “cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib. BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır və biz sizin dəstəyinizə arxalanırıq”.
   Azərbaycan məsuliyyətli dövlət olaraq, öz sözünü demək və üstündə durmaq iqtidarındadır. 2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd etdiyim qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi artıq öz həllini tapıb və keçmişdə qalıb. 

Orxan Əzimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir