Qırxdörd günlük Vətən müharibəsində qazanılmış böyük Zəfərin nəticəsi olaraq noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda Prezident İlham Əliyevin tələbi ilə ölkəmiz və region üçün çox vacib olan 9-cu maddənin salınması mühüm diplomatik qələbə idi: “Çünki bu maddə Naxçıvanla birbaşa əlaqənin bərpasına, muxtar respublikanın nəqliyyat blokadasından çıxmasına imkan yaradır. Eyni zamanda, bu, Çindən Qərbə doğru yeni nəqliyyat qapısının açılması deməkdir. Həmçinin, Zəngəzur dəhlizinin açılması, Naxçıvana dəmir yolu əlaqəsinin bərpası Şərq-Qərb, Şimal-Cənub dəhlizləri ilə bağlı yeni şərait yaradır. Heç şübhəsiz ki, nəhəng geosiyasi və iqtisadi layihə kimi mühüm əhəmiyyətə malik Zəngəzur dəhlizi perspektivdə region dövlətləri ilə yanaşı Türk dünyasının da yararlana biləcəyi marşrut olacaq. Eləcə də Zəngəzur dəhlizi Avropa ilə Asiyanı bağlayacaq əsas xətt olacaq.
Zəngəzur dəhlizinin açılması türk dünyasının coğrafi birləşməsidir – bu mənada dəhlizin əhəmiyyətini Prezident İlham Əliyev hələ 2009-cu il 3 oktyabr tarixində Naxçıvanda keçirilmiş Zirvə görüşündə açıqlamışdı. Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq.
Dövlət başçısı qeyd edib ki, sözügedən dəhlizin açılması faktdır. Lakin bu o demək deyil ki, bizim ərazi iddialarımız var: “Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm biz qayıdacağıq. Bu o deməkdir ki, niyə də yox. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq? Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm”. Prezident öz nitqində bəyan edir ki, “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir… Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.
Prezident İlham Əliyev Hacıqabul rayonuna səfəri çərçivəsində televiziyaya müsahibəsində bir daha dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb. Zəngəzur dəhlizinin yaradılması milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir: Dövlətimizin başçısı xüsusi olaraq diqqətə çatdırıb ki, Zəngəzur dəhlizi Ermənistan istəsə də, istəməsə də həyata keçiriləcək. Hətta, istəməsə belə zorla həll ediləcək. Bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq.
Cahangir Muradov, Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədr müavini