• Ca. Okt 3rd, 2024

ERMƏNİ VANDALİZMİNƏ SİPƏR YARATDIQ

ByYenigun.news

Mar 23, 2021

Prezident İlham Əliyev Xocavəndə və Füzuliyə son səfərlndə vurğulayıb ki, otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən bir daşı-daş üstündə qoymayıb.ərazilərimizdə işğalçılar tərəfindən törədilmiş əməllərin tək bir adı var – vəhşilik. İşğal dövründə gəlib bizim binalarımızı söküb, binaların daşlarını, damlarını aparıblar, oğru kimi, talançı kimi məhv ediblər. Füzuli şəhəri tamamilə dağıdılıb, onu da ermənilər dağıdıblar. Bu gün də Ermənistanı müdafiə edən xarici dairələr gözlərini açıb baxsınlar onların vəhşiliyinə.
Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat idi. Çünki Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi. Düzgün strateji plan əsasında Füzuli şəhəri isə ötən il oktyabrın 17-də Hadrutdan sonra azad edilmişdir.
Doğrudan da işğaldan azad olunmuş ərazilər rəsmi İrəvanın vandalizm siyasətinin sübutudur. Azad edilmiş torpaqlarda olarkən bir daha görürük ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmişdir, bizim tarixi irsimizi silmək istəmişdir. Dağıntılar əsasən müharibədən sonrakı dövrdə, torpaqlarımız işğal altında olan zaman baş verib. Bütün kəndlər, şəhərlər tamamilə dağıdılıb. Özü də bu dağıntılar müharibədən sonra baş vermişdir. Müharibə dövründə – birinci Qarabağ müharibəsi dövründə bu qədər dağıntılar olmamışdır, ola da bilməzdi. Məhz işğal dövründə mənfur düşmən bizim şəhərlərimizi bu hala salıb.
Səbəb nədir? Ermənistan yalnız xain qonşu deyil, həm də barbardır. Uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan bu xain qonşu Azərbaycan torpaqlarından qovulanda da cinayət əməllərindən əl çəkməyib. Biz birdəfəlik bilməliyik ki, tarixi faktların saxtalaşdırılması rəsmi İrəvanın dövlət siyasətidir. Məsələn, Hünərli kəndindəki abidə Alban məbədidir. Ermənilər bu kilsəni də erməniləşdirmək istəmişlər və burada erməni dilində yazılar yazmışlar, ancaq buna nail ola bilməmişlər.

   Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan topraqlarında xalqımızın milli-mədəni irsi, mədəni abidələri, məscidlər və ibadət evləri dağıdılıb, talan edilıb, hətta qəbir daşlarını belə yerindən çıxarılıb Azərbaycan tolerantlıq və multikulturalizm ünvanı kimi dünyada özünü çoxdan təsdiq edib. Bu gün də Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət humanizm ənənələrinə, milli-mədəni irsin qorunub saxlanmasına, ölkədə yaşayan bütün xalqların, etnik azlıqların hüquq və azadlıqlarının, dini etiqad azadlığının təmin olunması prinsipinə əsaslanan siyasəti sayəsində Azərbaycanda bütün dini, tarixi, mədəniyyət abidələri bərpa olunur, mühafizə edilir və xalqımızın zəngin mədəni irsinin mühüm tərkib hissəsi kimi gələcək nəsillər üçün qorunub saxlanılır. Azərbaycan hər zaman dünyada tolerantlıq, əməkdaşlığın, mədəniyyətlər və sivilizasiyalara arası dialoqa xüsusi hörmət, ehtiram və qayğısı ilə seçilən öncül ölkələr siyahısındadır. Döyüşlər zamanı mülki əhaliyə atəş açmayan Azərbaycan Silahlı Qüvvələri məsuliyyətli, eyni zamanda, humanist prinsipləri və dəyərləri qoruyub saxlayan ölkənin ordusudur. Torpaqlarımızı işğaldan azad etməklə nəinki ərazi bütövlüyümüzü təmin etdik, həmçinin illərlə sahibsiz qalan, vandalizmə məruz qalan, dağıdılan, ancaq hər daşı bir tarix danışan abidələrimizi, irsimizi, dəyərlərimizi və ənənələrimizi millətimizə geri qaytarmış və yenidən qazanmış olduq. Ancaq buna baxmayaraq, İrəvanın vandalizm siyasətinin qurbanı olan tarixi abidələrimiz, maddi-mənəvi irsimizin qəsdən və riyakarcasına dağıdılması və təhqir olunması beynəlxalq hüquq və ədalət prinsiplərinə sığmayan vandalizm aktının şahidi olduq. İşğaldan azad olunan rayon və kəndlərimizdə abidələrimizi, səfalı guşələrimizi yararsız və dağıdılmış vəziyyətdə görmək çox ağrılıdır.
     Azərbaycanda bütün dinlərə və inanclara hörmətlə yanaşılır. Azərbaycanın müxtəlif yerlərində xristian abidələri qorunur. İşğal olunmuş ərazilərdə dağıdılmış bütün abidələr bərpa olunacaq. Azərbaycan ərazisində bütün dinlərin məbədləri dövlət tərəfindən qorunur, dövlət tərəfindən tikilir və bütün dünya bunu bilir. Müharibə şəraitində belə sahib olduğu humanizm dəyərlərinə sadiq qalaraq mülki insanlara, tarixi-dini abidələrə, sosial-ictimai obyektlərin təhlükəsizliyinə xüsusi həssaslıq və diqqətlə yanaşan Ali Baş Komandanımızla hər birimiz qürur duyuruq. Biz möhkəm əminik ki, Ermənistan müharibə cinayətlərinə, təbiətə, dinc əhaliyə, mülki infrastruktura vurduğu ziyana görə mütləq cavab verməli olacaq.

Ağaxan Ağayev, Cəlilabad Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, 2-ci dərəcəli dövlət qulluqçusu, Vətən müharibəsi iştirakçısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir