• Ça. Apr 23rd, 2024

HUMANİZM PRİNSİPLƏRİNƏ SƏDAQƏT NÜMUNƏSİ

ByYenigun.news

Apr 16, 2021

       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri də şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsidir. Dövlət başçısı tərəfindən imzalanan Sərəncamlar, qəbul edilən qərarlar bu vacib məsələyə son dərəcə ciddi münasibət göstərildiyini bir daha təsdiq edir.  “Yaşat” Fondunun fəaliyyəti bu gün hamı tərəfindən razılıqla qarşılanır. Postmüharibə dövründə yüzlərlə şəhid ailəsinə müxtəlif yardımlar edilmiş, onlara mənzillər, avtomaşınlar, tibbi vasitələr verilmişdir.

       Hərbçi kimi bir vacib məsələyə toxunmaq istəyirəm. Prezidentimiz öz çıxışlarıında şəhidlərimizin qanının yerdə qalmadığını, düşməndən intiqam alındığını, ərazi bütövlüyümüzün bərpa olunduğunu vurğulayaraq, şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağımızı diqqətə çatdırıb: Birinci Qarabağ müharibəsində 12 mindən çox şəhidimiz olmuşdur və 4 minə yaxın hərbçimiz itkin düşmüşdür, təqribən 16 min itkimiz olmuşdur və torpaqlarımız işğal altına düşmüşdür. İkinci Qarabağ müharibəsində şəhidlərimizin sayı müharibənin miqyasına görə çox azdır. Əlbəttə, hər bir şəhidimizin xatirəsi bizim üçün əzizdir. Hər bir insanın həyatı qiymətsizdir. Ancaq nəzərə alaq ki, genişmiqyaslı müharibə aparılıb və ilk günlərdən əks-hücum əməliyyatı, əslində, hücum əməliyyatına çevrilmişdir. Ermənilərin otuz il ərzində qurduqları istehkamları, 5-6 xətt müdafiə istehkamlarını və o bölgənin relyefini nəzərə alsaq, tam qətiyyətlə deyə bilərik ki, biz istədiyimizə az itkilərlə nail olduq. Hətta dünyanın aparıcı ölkələrinin hərbi ekspertləri təəccüb edirlər ki, biz torpaqlarımızı işğalçılardan belə az itkilərlə azad etdik. Nəyə görə? Çünki bütün əməliyyatlar planlaşdırılanda ən vacib amillərdən biri itkilərin az olması idi. Bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalətli müharibə idi. Ermənistan işğalçılıq müharibəsi aparırdı. Haqq-ədalət bizim tərəfimizdədir. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün, gənc nəsil üçün örnək olmalıdır və olacaq.

        Dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını dəfələrlə vurğulayan Azərbaycan Prezidenti vətəndaşların yüksək rifahının təmin olunmasını ən vacib hədəflərdən biri kimi qeyd edib. Xatırladaq ki, 2003-cü ildə Prezident seçilərkən İlham Əliyev bildirmişdir ki, Azərbaycan xalqı xoşbəxt yaşmağa layiqdir və çalışacağam ki, xalqımız yaxşı yaşasın. Dövlət başçımız ötən müddət ərzində digər vədlər kimi bu vədinə də ən yüksək səviyyədə əməl edir. Xalqımız tam əmindir ki, müstəqil ölkəmiz digər prioritetlər kimi şəhid ailələrinin, müharibə əlillərinin ehtiyaclarının təmin olunması istiqamətində bundan sonra da uğurlu addımlar atacaqdır. Çünki müstəqil Azərbaycan dövlətinin başında İlham Əliyev kimi siyasətçi, ölkəmizin milli maraqlarını hər şeydən uca tutan böyük dövlət xadimi, mahir diplomat, Müzəffər Ali Baş Komandan və qüdrətli sərkərdə dayanır.

İslam İSGƏNDƏROV,

ehtiyatda olan zabit, Birinci Qarabağ müharibəsi veteranı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir