• Ç. May 22nd, 2024

Qələbə ölkənin və bütün regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb

ByYenigun.news

Apr 18, 2021

Azərbaycan xalqının Qələbəsi dövlətimizin iqtisadi, siyasi gücünün artmasının, eləcədə beynəlxalq mövqeyinin yüksəlməsinin məntiqi nəticəsidir. Qarabağ mövzusu həmişə ölkənin bütün gündəliklərində olub. Bütün beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ məsələsi hər zaman prioritet olub. Rəsmi İrəvan elə bilirdi ki, bizimlə 1992-ci ildəki döyüşü aparacaqlar. Lakin Azərbaycan fərqlidir, xalq fərqlidir, cəmiyyət fərqlidir.

    Münaqişənin tarixi təhrif olunmadan xalqın yaddaşında qalmalıdır. Gənc nəsil tarixi həqiqətləri bilməlidir. Biz münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu ərazilər otuz ildir işğal altındadır. Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik. Azərbaycan tarixini silmək istəyənlər belə öyrədirdilər ki, guya azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri qəhrəmandırlar, əslində isə onlar cinayətkardır. Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin. Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. 

 ADA-da keçirilən konfrans bir daha göstərdi ki, rəsmi İrəvanın niyyəti münaqişənin dondurulması olub. Ermənistan münaqişənin həllini istəməyib. Əraziləri azad etdikdən sonra gördüklərimiz göstərir ki, münaqişənin həllinin olmaması üçün hər şey ediblər. Onlar nəhəng istehkamları, müdafiə xətlərini tikməklə, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyiblər. Buna görə də rəsmi İrəvan hərbi cinayətkardır.  Ermənistan Birinci Qarabağ müharibəsində də müharibə cinayətləri törədib. Lakin o vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə biliblər. 

   Müharibə zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi oldu. Gəncə şəhərinə ballistik raketlərin atılması bu barbarlığın aydın göstəricisidir. Çünki həmin ballistik raketin hədəfi var idi. Yaşayış komplekslərinin vurulması təsadüfi deyildi. Bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Bu, bir dəfə olmadı, bir neçə dəfə baş verdi.

    Mülki əhaliyə qarşı törədilmiş cinayətlər erməni siyasətinin xislətindən xəbər verir. Ermənilər günahsız mülki insanları yandırırdılar, öldürürdülər. Bir çox kəndlər erməni barbarlığının qurbanı olub. İkinci Qarabağ müharibəsi zamanı onlar beynəlxalq ictimaiyyətin gözü qarşısında bizim şəhər və kəndlərimizi ballistik raketlərlə bombalayıblar, hər gün artilleriya atəşinə tutublar. Tərtər balaca şəhərdir, ora 16 min bomba atılıb, onlar hətta qəbiristanlıqda olan mərasimə də bomba atıblar. Onlar Bərdəni bombalayıblar. Onlar Naftalanı bomba ataraq beş nəfərlik ailəni qətlə yetiriblər. Hətta müharibə zamanı “İsgəndər” raketlərindən də istifadə ediblər ki, buna görə cavab verməlidirlər

   Ölkəmiz həmişə konstruktiv mövqedə olub. Münaqişənin həlli yollarının tapılmasında hər zaman maraqlı olmuşuq, çünki biz münaqişədən əziyyət çəkən tərəfik. Qələbə ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu. Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq. Üç hava limanı, dəmir yollarının əlaqələndirilməsi ilə əlaqədar işlərə artıq başlanılıb. Zəngilanın coğrafi mövqeyini nəzərə alsaq, mühüm daşınma və logistik mərkəz rolunu oynaya bilər. Qeyri-enerji sektoruna daha çox investorları cəlb etmək və biznes imkanları var. Beynəlxalq əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulmalıdır. Azərbaycan bütün məsələlərdə konstruktiv mövqe sərgiləyib və beynəlxalq hüququn tərəfdarı olub.

   Sabitlik inkişafın əsasıdır. İnkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyac var. Azərbaycanın Qoşulmama Hərəkatında götürdüyü öhdəliklər böyük uğurdur. Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir. Bu, sabitliyə töhfədir. Əlbəttə ki, Ermənistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır

Ələsgər Mirzəzadə, ADPU-in Cəlilabad filialının müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir