• C. Okt 7th, 2022

SAXTAKARLIQ ÜZƏRİNDƏ QURULMUŞ ERMƏNİ SİYASƏTİ

ByYenigun.news

Apr 28, 2021

Tarixi saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətçiliyi bütün dövrlərdə müxtəlif təxribatlara əl atıb. Onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı soyqırımı törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərib.
ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” ifadəsini işlətməsi çox böyük təəssüf doğurur. Ermənilər xalqımıza qarşı dəfələrlə kütləvi qırğınlar törədiblər. Bu, danılmaz həqiqətdir. Bizlərə qarşı tarix boyunca soyqırımı törədildiyi halda, uydurma “erməni soyqırımı”nın bəzi Qərb dövlətləri tərəfindən gündəmdə saxlanılması yalnız siyasi məqsədlərə xidmət edir. Ermənilərin uydurma iddiaları həmin ölkələr tərəfindən bir alət kimi istifadə olunur. Amma tarixi saxtalaşdırmaq mümkün deyil. 1915-ci ildə əslində türklər soyqırımına məruz qalıb. Qondarma erməni “soyqırımı” məsələsi özünü dünyaya məzlum kimi təqdim etməyə çalışan ermənilərin, bu saxta iddialardan təzyiq kimi istifadə etməyə cəhd göstərən bəzi xarici siyasi qüvvələrin manipulyasiya vasitəsidir. Bu mənada, belə saxta iddiaların ABŞ prezidenti tərəfindən səsləndirilməsi, tarixi həqiqətlərin təhrifi yolverilməzdir. 1915-ci ildə baş verənlərin araşdırılmasına ciddi cəhdlə mane olan ermənilər özləri də bilirlər ki, tarixdə “erməni soyqırım” adlı bir hadisə baş verməyib. Tam əksinə, istər 1915-ci ildə, istər 1918-ci ildə, istərsə də 1990-93-cü illərdə ermənilər həm türklərə, həm də azərbaycanlılara qarşı soyqırımı həyata keçirib.

 Ermənistanın Türkiyə və Azərbaycana qarşı apardığı siyasət hər zaman təcavüzkarlığa və işğala söykənib. Özünü dünyaya fərqli obrazda-məzlum, təzyiqə məruz qalmış kimi göstərməyə çalışan ermənilər bir əsrdən yuxarıdır ki, ortaya atdıqları qondarma "soyqırım" iddaları ilə öz məkrli simalarını gizləməyə çalışırlar. Təssüfləndirici haldır ki, bəzi ölkələr də bu qondarma iddialardan fərqli məqsədlər üçün istifadə etməyə cəhd göstərir.

   Diqqət çəkən məqamlardan biri də odur ki, Co Baydenin bəyanatı hazırda Cənubi Qafqaz regionunda mühüm proseslər baş verdiyi dövrə təsadüf edir: “Azərbaycan 44 günlük Vətən müharibəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoydu, dədə-baba torpaqlarımızı azad etdi. Azərbaycan, həmçinin, bölgəni erməni faşizmindən təmizləyərək, sülh və əmin-amanlığın bərqərar olunmasına nail oldu. Noyabr ayında imzalanmış üçtərəfli bəyanata əsasən, bölgədə quruculuq bərpa işləri, dayanıqlı inkişaf nəzərdə tutulub. Bu razılaşmanın tərkib hissəsi olaraq, Zəngəzur dəhlizinin açılması bütün türk dünyası üçün böyük əhəmiyyət kəsb edir, çünki bu dəhliz türk dünyasının coğrafi baxımdan birləşməsinə və əlaqələrin daha genişlənməsinə xidmət edəcəkdir. Belə bir mühüm dövrdə Amerika Birləşmiş Ştatları prezidenti Co Baydenin qondarma erməni soyqırımını tanıması təəssüf doğurur. Bunu ancaq uğursuz qərar, tarixi səhv kimi qiymətləndirmək lazımdır. Görünən odur ki, ermənilərin havadarları bölgədə yaranmış yeni reallıqla barışmaq istəmirlər və onların türkofobiya sindromu hələ də davam etməkdədir. Amma artıq böyük türk millətinə bu cür saxta ittihamlarla təzyiq göstərmək mümkün deyil.

  Türkiyə dövləti rəsmi olaraq həmin dövrlə bağlı arxivlərin açılmasını, ortaq komissiyanın yaradılmasını illər öncə təklif edib: “Ermənistan isə arxivlərin açılmasından imtina edib. Bu fakt erməni riyakarlığının nümunəsidir. Uydurma “erməni soyqırımı”nın bəzi dövlətlər tərəfindən tanınması türkofobiyanın göstəricisidir. Məqsəd bu uydurma məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməkdir. Azərbaycan hər zaman olduğu kimi bu gün də qardaş Türkiyənin yanındadır! Böyük türk millətini bu cür saxta ittihamlarla zəif düşürmək mümkün deyil.

Seymur Abbasov, Cəlilabad RİH-nin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.