• Şb. Apr 20th, 2024

TARİXİN SAXTALAŞDIRILMASINA YOL VERİLMƏMƏLİDİR

ByYenigun.news

Apr 28, 2021

ABŞ Prezidenti Co Bayden erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında tarixi səhvə yol verib. Həmin bəyanatda ermənilərin tarixdə hansısa soyqırıma məruz qalmalarından bəhs edilməsi yolverilməzdir. Bunu tarixin saxtalaşdırılması, həqiqətlərin danılması, beynəlxalq hüququn nüfuzdan salınması kimi dəyərləndirmək lazımdır. ABŞ Prezidentinin bəyanatında ermənilərin 1915-ci ildə guya soyqırıma məruz qaldıqlarının gündəmə gətirilməsi açıq-aşkar ikili standartlar nümunəsidir.
Bu baxımdan, ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat tarixi səhv kimi qiymətləndirilməlidir. Tarixin saxtalaşdırılması və onun siyasi təzyiq məqsədilə istifadə olunması cəhdləri qəbuledilməzdir: Çünki regionda əməkdaşlıq mühitinin yarandığı indiki vaxtda Türkiyəyə qarşı təzyiq göstərmək, dolayısı yolla Azərbaycanın yaratdığı yeni reallıqlara, o cümlədən mümkün altıtərəfli əməkdaşlıq platformasının formalaşmasına mane olmaq cəhdləri sağlam məntiqə sığmır. Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partya liderlərinin Bəyanatı bir daha sübut etdi ki, xalqımız, hər bir vətəndaşımız cəmiyyətdə tutduğu mövqedən, əqidəsindən asılı olmayaraq, milli maraqların gerçəkləşdirilməsində yekdildir və bu, hər zaman belə olacaqdır.

  Bu gün əsassız şəkildə günahlandırılan Türkiyə son vaxtlarda arxivlərin açılmasının tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Ermənilər isə buna qarşı çıxırlar. Bunun səbəbi bəllidir. Türkiyəyə, Azərbaycana, digər qonşu dövlətlərə qarşı torpaq iddiaları ilə çıxış edən ermənilər saxta tarix uydurublar və arxivlərin açılacağı təqdirdə yalanlarının üzə çıxacağından qorxurlar. 
   Tarixdə ermənilərin insanlıq əleyhinə cinayətlər törətmələrinə dair çoxlu faktlar var. Tarixi saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətçiliyi bütün dövrlərdə müxtəlif təxribatlara əl atıb. Onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı “soyqırımı” törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərib. Həqiqət isə odur ki, Birinci Dünya müharibəsi zamanı çətin döyüş şəraiti, daxili münaqişələr, aclıq və xəstəliklər üzündən çoxlu sayda erməni həyatını itirib. Lakin məqsədyönlü şəkildə unudulur ki, həmin dövrdə ermənilərdən daha çox türklər həlak olub. Elə bəhs olunan 1915-ci il hadisələri zamanı erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insan qətlə yetirilib. Azərbaycanlılar da tarix boyu ermənilərin vandalizm əməllərindən əziyyət çəkiblər. Xüsusilə erməni daşnaklarının 1918-ci ilin martında Bakıda və respublikamızın digər bölgələrində törətdikləri qırğınların miqyası çox böyük olub. Götürək, Xocalı soyqırımını. Uzaq tarixdə deyil, cəmi üç onillik bundan əvvəl ermənilərin törətdikləri Xocalı faciəsi dünyada baş verən ən qəddar soqırımları ilə müqayisə edilə bilər. Təəssüf doğuran haldır ki, saxta soyqırımı iddialarını məqsədli şəkildə gündəmə gətirənlər erməni vandalizmini əks etdirən real tarixi faktları görməzdən gəlirlər.

    Fikrimizcə, tarixi əsası olmayan qondarma “erməni soyqırımı” iddialarından istifadə edərək öz müttəfiqinə təzyiq göstərmək uğursuz addımdır. Görünür, son illərdə Türkiyənin regionda ardıcıl olaraq müstəqil siyasət yürütməsi və bölgədə nüfuzunun artması bəzi dairələri narahat edir. Buna görə də saxta iddialardan siyasi təzyiq vasitəsi kimi istifadə edilir. Zənnimcə, bu addım regionda sülhə və stabilliyə xidmət etmir. Bu baxımdan, “Bir millət, iki dövlət” olaraq Azərbaycanın bu haqsızlığa qarşı öz səsini ucaltması, bir daha qardaş Türkiyənin yanında olduğunu nümayiş etdirməsi təbii haldır. Azərbaycan dövləti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyənin yanındadır: “Prezidentimiz İlham Əliyevin Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana dəstəyini ifadə etməsi birliyimizin sarsılmazlığının daha bir nümunəsidir.

Fərqanə Məmmədova, YAP Cəlilabad Rayon Təşkilatının Qadınlar Şurasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir