• Şb. Dek 21st, 2024

Yeni infrastrukturun yaranması regional inkişafa xidmət edir

ByYenigun.news

Apr 6, 2021

Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də keçirilmiş növbəti iclasında irəli sürdüyü müddəlar sadə insanların ürəyindən xəbər vermişdir. Dövət başçısı cəmiyyəti narahat edən, gələcəyə böyük ümidlər doğuran tezislərini bir daha bəyan etmişdir.

  Qeyd edək ki, Türk Şurası yarandığı gündən Azərbaycan bu təşkilatın türk coğrafiyasında inteqrasiya proseslərinin önünə çıxması üçün səmərəli addımlar atıb, türk dövlətləri arasında bütün istiqamətlərdə ortaq fəaliyyətin gücləndirilməsi ilə bağlı əhəmiyyətli təkliflər və təşəbbüslərlə çıxış edib. Ona görə də 2019-cu ildən etibarən Azərbaycanın təşkilata sədrliyi dövründə Türk Şurasının sayca bu uçüncü görüşü ölkəmizin Türk Şurasının fəaliyyətinin gücləndirilməsi istiqamətində göstərdiyi ardıcıl səyləri səciyyələndirən məqam kimi dəyərləndirilməlidir.

   Bu gün Azərbaycan bu tədbirə qalib ölkə kimi, təcavüzkar Ermənistanın 30 illik işğalına son qoyan, ərazi bütövlüyü öz ordusunun gücü ilə təmin edən ölkə kimi qatılmışdı. Elə Qazaxıstanın birinci Prezidenti - Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevin çıxışında “Bu gün mən həm də Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi təbrik edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, ərazi bütövlüyünün bərpa edilməsi məsələsində Türkiyə önəmli rol oynamışdır” deməsi yaddaqalan məqamlardan oldu.

  Cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbə nəticəsində reallaşmaqda olan qlobal beynəlxalq layihələrin, kommunikasiya xətlərinin bütövlükdə Şərq-Qərb, Şimal-Cənub ticari-iqtisadi vektorları üzərində yerləşən bölgələr, hətta Ermənistan üçün yeni imkanlar açdığını vurğulamışdır. O, xüsusilə Zəngəzurdan keçməklə bütün türk dünyasını birləşdirəcək nəqliyyat dəhlizini fövqəladə rola malik layihə kimi qiymətləndirmişdir: “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir.

  Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsində Türk Şurasının Azərbaycana dəstəyini yüksək dəyərləndirib. Xüsusilə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfər edəcəyini bildirməsi xüsusi məmnunluq doğurur. Çünki biz Vətən müharibəsində Türkiyənin qardaşlıq dəstəyini hər zaman hiss etdik.

  Yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanları bölgədə çoxşaxəli münasibətlərin inkişafına xidmət göstərir və böyük iqtisadi-ticari qazanc vəd edir. Qarabağda aparılacaq bərpa və yenidənqurma işlərində dost ölkələri görmək istədiyini bildirən Prezident İlham Əliyevin üzv dövlətlərin liderlərinə xitabən söylədiyi “Dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik... Fürsətdən istifadə edib Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər” ifadəsi Zirvə gürüşünün iştirakçıları tərəfindən məmnunluqla qarşılanmışdır.

    Nəzərə alaq ki, Türkiyə şirkətləri Qarabağın yenidənqurma işlərində fəal iştirak edirlər. İlk kontraktlar da bu qardaş ölkə ilə imzalanıb. Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox olan layihələrdə iştirak edirlər. Son az bir müddətdə Füzuli-Şuşa yolunun inşası, Göygöldən Kəlbəcərə uzanan yolun tikintisi bu qəbildəndir. Türkiyədən minalardan təmizləmə işini həyata keçirtməkdən ötrü müasir texnika alınıb, Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi təkcə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və haqq-ədalətin öz yerini tapması ilə əlamətdar deyil. Bu müharibənin nəticələri həm də region dövlətləri üçün yeni əməkdaşlıq potensialı yaradıb. Bu torpağın çörəyini yeyib, suyunu içən vətəndaşlarımız bundan olduqca məmnundur.

Həbulla Mirzəyev, Cəlilabad rayonu Uzuntəpə kənd sakini, ziyalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir