Azərbaycanın Silahlı Ordusu 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi Qubadlını da düşmən tapdağından azad etdi. 2020-ci ilin 25 oktyabr tarixində Qubadlı şəhəri işğaldan azad edildi. Şəhərdə Azərbaycanın üçrəngli bayrağı əzəmətlə dalğalandı.
Qubadlı 1993-cü il avqustun sonlarında artıq ermənilərin mühasirəsinə düşmüşdü. Cəbrayılın axırıncı kəndləri – Çullu, Maşanlı və Dağtumasın da düşmən əlinə keçməsi təhlükənin yaxınlaşdığını göstərirdi. Gah Qafan, gah Gorus, gah da Laçın rayonu istiqamətlərindən hücumlar olurdu. 1993-cü il avqustun 30-da Gorusdan hücum edən Ermənistan qoşunları Yazı düzündə müqavimətlə qarşılaşsa da, Laçından maneəsiz keçib Muradxanlı kəndinə daxil ola bildilər. Qoşun hissələri Həkəri çayı boyu bütün kəndləri atəşə tutdu və həmin gecə Xanlıq kəndinə qədər olan yaşayış məntəqələri ermənilərin əlinə keçdi. 1993-cü il avqustun 31-də hər tərəfdən mühasirəyə düşmüş Qubadlı işğal olundu.
Bizə yaxşı məlumdur ki, Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər.
2020-ci il noyabrın 26-da “ Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Hazırda Qubadlı ərazisində minatəmizləmə əməliyyatları, quruculuq, abadlıq işləri aparılır. İndi qarşıda duran ən şərəfli mühüm vəzifə, Vətən müharibəsində əldə edilmiş qələbəni qorumaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi bərpa etmək, qurub gülüstana çevirmək və insanların tez bir zamanda doğma yurda əbədi qayıdışına zəmin yaratmaqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib: “Bununla paralel olaraq, insanlar buraya qayıdacaq və biz öz torpağımızda bundan sonra əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi öz torpağımızdan çıxara bilməz”.
Rəxşəndə Qasımova