Avropa ölkələri meşə yanğınlarından əziyyət çəkən Türkiyə və Yunanıstana fərqli dəstək nümayiş etdiriblər.
Yenigun.news xəbər verir ki, hazırda meşə yanğınlarının geniş vüsət aldığı Yunanıstana Fransandan 2 yanğınsöndürmə təyyarəsi və 82 yanğınsöndürən, Kiprdən 40 yanğınsöndürən və 2 təyyarə, Xorvatiyadan 1 təyyarə, Ukraynadan 100 yanğınsöndürən, İsraildən 16 yanğınsöndürən, İsveçdən 2 təyyarə, Çexiyadan 15 xüsusi texnika və 36 nəfərlik şəxsi heyət yardım məqsədilə göndərilib.
Paralel olaraq, Rumıniya 112 yanğınsöndürən və 23 texnika, İsveçrə isə 3 helikoper göndərməyi planlaşdırır.
Eyni zamanda, iyulun 28-dən güclü meşə yanğınları ilə üzləşən Türkiyəyə Avropa ölkələrinin yardımı çox cüzi olub. Avropa Birliyi Türkiyənin 30 vilayətini əhatə edən genişmiqyaslı yardımlara biri İspaniya, digəri isə Xorvatiyadan olmaqla, cəmi 2 təyyarə ayırmışdı. Türkiyəyə əsas dəstək verən ölkə 600-dən çox yanğınsöndürən, onlarla texnika, təcili yardım maşını, helikoper və BE-200ÇS amfibiya təyyarəsi göndərən Azərbaycan oldu. Bundan başqa, Belarus, Rusiya və Ukrayna yanğınların söndürülməsi üçün Türkiyəyə helikopter və təyyarələrlə yardım göstərdi.
Avropanın yanğınlarla mübarizədə ciddi dəstək olmadığı Türkiyədə hazırda sonuncu yanğın ocaqları da nəzarətə alınıb.
Yunanıstanın vətəndaşların müdafiəsi nazirinin müavini Nikos Xardalias son sutka ərzində 98 yeni yanğın ocağının yarandığını söyləyib. O ümumilikdə, 154 yanğın ocağının olduğunu və Avropanın dəstəyinə rəğmən, vəziyyətin təhlükəli həddə çatdığını açıqlayıb.