• Şb. İyl 13th, 2024

Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələ

ByVuqar Ferzeliyev

Fev 24, 2022


Dünyanın bütün güc mərkəzləri və qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir: “Azərbaycan iki qüdrətli qonşusu – Türkiyə və Rusiya ilə müttəfiq olur, Aİ ilə saziş imzalamağa hazırlaşır. Regionda və dünyada gedən proseslər fonunda Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, dünyanın bütün güc mərkəzlərindən öz müstəqil siyasətinə, təhlükəsizliyinə zəmanət qazanıb. Bu isə Azərbaycanın diplomatiyasının uğurudur.
Qarabağda qazandığımız tarixi zəfərin yaratdığı reallıqlar fonunda yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edən Azərbaycanın ötən ilin iyununda qardaş Türkiyə ilə müttəfiqlik sənədini, bu il fevralın 22-də isə dövlət başçısı İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması postmünaqişə dövrünün reallıqlarının təqdimatında əhəmiyyətli rol oynayır Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Bəyannamənin 43 bəndi var və qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə edir.
BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri, həmçinin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Rusiyanın Azərbaycan ilə münasibətlərinin yüksələn xətlə inkişafı, ölkələrimiz arasında müttəfiqlik Bəyannaməsinin imzalanması postmünaqişə dövrünün reallıqlarının qəbul edilməsində də əhəmiyyətli rol oynayacaq. Bu baxımdan imzalanan Bəyannamə Ermənistana böyük zərbədir. Bugünədək dünyanın ikili standartlara əsaslanan siyasətindən bəhrələnən işğalçı Ermənistan artıq dünya güclərinin Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləmələrinin şahididir. Ermənistanın sülh müqaviləsini imzalayıb yeni reallıqların diktə etdiyi gerçəklikləri qəbul etməkdən başqa yolu yoxdur.
Qeyd edək ki, Azərbaycan-Rusiya münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən müddət ərzində iki ölkə arasında strateji tərəfdaşlığın mahiyyətini müəyyən edən sənədlər imzalanmış: “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” 3 iyul 1997-ci il tarixli Müqavilə, “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında” 3 iyul 2008-ci il tarixli Bəyannamə və “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında” 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanat. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi tamam olur. Hazırda ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyəyə çatıb. Eyni zamanda əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşıb və 16 faiz artıb. Bu ildə də artım perspektivi var. Azərbaycan kənd-təsərrüfatı məhsullarının ixracı üçün Rusiya əsas bazarlardan biridir.

   Digər bəzi məsələlərə də toxunmaq istəyirəm. Moskva  Bəyannaməsi Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsini əsla kölgədə qoymur.  Dünyanın indiki qarışıq və təlatümlü vaxtında Rusiya ilə Türkiyənin münasibətlərinin yüksələn xətlə inkişafı onu deməyə əsas verir ki, bu sənədin imzalanmasında Ankaraının da xeyir – duası olub. İndi bizim gözlədiyimiz əsas məsələ Rusiyanın öz öhdəliklərinə və imzaladığı sənədlərə nə dərəcədə səmimiyyətlə əməl edəcəyidir və heç şübhəsiz bizim ilk narahatçılğımız Qarabağdakı separatçı meyllərin azğınlaşması və bütün bunların Rusiya sülhməramlılarının nəinki gözləri önündə, bir çox hallarda onların xeyir duası ilə baş verməsidir.

 Rusiya ilə Ukrayna arasında kəskinləşən münasibətlərlə eyni dövrə təsadüf etməsini şişirtməyə, faciə kimi qəbul etməyə gərək yox. Nəzərə almaq lazım ki, bu cüür görüş və sənədlərin imzalanması mərasimin vaxtı da aylar öncədən razılaşdırılır. İstənilən halda mən bu sənədin Azərbaycanın suverenliyini daha da möhkəmləndirəcəyinə, ərazi bütövlüyümüzün tam bərqərar olmasına xidmət edəcəyinə ümid edirik.

 Bəyannamədə göstərilən müddəaların hər biri cəmiyyətimizin xeyrinədir. Məsələn, ən vacib bir poroblem kimi, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdiriblər.
  Rusiya-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb. Əlbəttə, biz diplomatik münasibətlər yaradılmasından bəri əlaqələri inkişaf etdiririk, lakin, əlbəttə, əvvəlki nəsillər tərəfindən qoyulmuş təməl olmasaydı, yəqin ki, biz bu uğurları qazana bilməzdik. Bu gün imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə bizim ticari-hüquqi baza portfelində xüsusi sənəddir. Əminəm ki, bu sənəd ölkələrimiz arasında dostluq, mehriban qonşuluq və bu gündən etibarən müttəfiqlik münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək.

Anar Sadatov,
Cəlilabad rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir