• Ç. Dek 11th, 2024

CƏNNƏTİM, ZİNƏTİM QARABAĞ! ŞANLI ZƏFƏRLƏR, ZƏFƏRLİ SƏFƏRLƏR, QALİB QƏDƏMLƏR

ByYenigun.news

Apr 16, 2021

KİŞİ QADININI DAVAYA YOLLAMAZ., KİŞİ QADINININ  ƏLİNDƏN TUTUB ONA HÜNƏRİNDƏN DANIŞAR!

        Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Qarabağda Azərbaycan bayrağını öz əli ilə ucaltdı və öz qələbə sevincini xalqla bölüşdü. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını bir daha nümayiş etdirdi. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaqsa hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Prezidentin cəbhə bölgəsinə səfəri zamanı Xudafərin körpüsünü ziyarət etməsi xüsusi simvolik məna daşıyır. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsidir. “Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev həmin nidanı qoymuş oldu.

         Prezident Xudafərində olarkən qeyd etdi ki, bütün dünya qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına qazanılmış şanlı qələbənin şahidi oldu. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Bölgəyə sülh gətirən Azərbaycan regionun inkişafının təminatçısıdır. Qarabağa həyat qayıdacaq, bütün infrastruktur yaradılacaq. Yeni inzibati və ictimai binalar, məktəblər, tibb ocaqları tikiləcək. Azərbaycan xalqı öz multikultural dəyərlərini yaşadacaq və tolerant inanclarına sadiq qalacaq.

        Azərbaycanın parlaq Qələbəsi təkcə ölkənin ərazi bütövlüyünün bərpası anlamına gəlmir. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Törədilmiş cinayətlərə görə Ermənistan, Azərbaycan xalqının cəlladları beynəlxalq məhkəmələrdə cavab verəcək, bütün vurulmuş ziyan hesablanacaq və cinayətkarlar tərəfindən ödəniləcək. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar.

         Prezident İlham Əliyev Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. Dövlətimizin başçısı və birinci xanım Ağdam məscidini ziyarət etdilər. Prezident Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı.

       Ötən il dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında oldular.Qubadlıya gedən yolda avtomobili özü idarə edən Prezident İlham Əliyev dedi:

       – Zəngilan rayonunun ərazisindən keçirik. Bir dənə də salamat bina yoxdur. Baxın, bütün binalar dağıdılıb. Dağıdılmış üzüm bağları. Hərbi hissələr tikiblər ki, torpaqlarımızı əbədi işğal altında saxlasınlar, amma rədd etdik onları, qovduq torpaqlarımızdan. Torpaqların sahibləri qayıdır. Zəngilan rayonunun gözəl mənzərəsi, səfalı məkan. Hamısını bərpa edəcəyik. Bu da Üçüncü Ağalı kəndi. Görünür burada ermənilər yaşayıblar. Amma görün nə gündə yaşayıblar. Mən deyəndə ki, işğal edilmiş torpaqlarda ermənilər səfalət içində yaşayırlar, bax, budur bunun sübutu. Bizim kəndimizə gəliblər, kəndimizin böyük hissəsini dağıdıblar. Düşmən bu cinayətlərə görə cavab verəcək. Baxın, vəhşi düşmən neyləyib, bütün ağacları kəsib. Baxsın bütün dünya, ermənipərəst qüvvələr bu günə qədər kimi müdafiə edirlər? Bizə qarşı qətnamələr qəbul edən ölkələr baxsınlar, gözlərini açsınlar. Bizim üçün o qətnamələrin heç bir əhəmiyyəti yoxdur, bir kağız parçasıdır.

       Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın qanunsuz məskunlaşma apardığı Qubadlının Xanlıq kəndinə gəldilər, burada hərbçilərlə görüşdülər. Şirin söhbət edib şəkil çəkdirdilər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinə yola düşdülər.

       Prezident İlham Əliyev: Qubadlı rayonunun ərazisindən iki böyük çay keçir: Həkəri çayı və Bazarçay. Qubadlı rayonunun gözəl mənzərəsi. Yenə də dağıdılmış kənd. Hər şeyi yenidən quracağıq, yolları da, bütün infrastrukturu da. Gözəl mənzərədir. Qəzyan kəndi. Bax, ermənicə nəsə yazıblar orada. Diləlimüskənli kəndi. Saray kəndi. Bu kəndlər də dağıdılıb.  Baxın, Qubadlı şəhərini düşmən nə günə qoyub.

      Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı.

 

         Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoydu. Uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Burada təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq ki, bu ildən başlayaraq vətəndaşlar, xarici vətəndaşlar və xaricdə yaşayan azərbaycanlılar Şuşaya təyyarə ilə rahat gələ bilsinlər. Bununla paralel olaraq, göstəriş verildi ki, Füzuli Beynəlxalq Hava Limanından beynəlxalq uçuşların təşkil edilməsi istiqamətində də işlərə başlanılsın. Eyni zamanda insanlar Azərbaycanın digər şəhərlərindən – Lənkərandan, Naxçıvandan, Gəncədən buraya gəlib, Şuşaya rahat gedə bilərlər.

       Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərinə gəldilər. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. Dövlətimizin başçısı hərbçilərlə görüşdü və çıxış etdi. Hərbçilərlə xatirə şəkli çəkdirildi.

       Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərindəki Saatlı məscidini ziyarət etdilər. Dövlətimizin başçısı məscidə “Qurani-Şərif” hədiyyə etdi. Onlar keçmiş Şuşa Rayon Partiya Komitəsinin binasında oldular. Ermənilər Şuşanı tərk edərkən inzibati binalarda da kütləvi oğurluq və talançılığa yol veriblər. Məsələn, bu binadakı bütün kondisionerlər və istilik sistemi avadanlıqlarını söküb aparıblar. Bu, şübhəsiz ki, acgözlüyün, amma həm də oğru xislətinin təzahürüdür. Bu, həm də 30 illik işğal dövründə Azərbaycan xalqının mədəniyyətini vandalizmə məruz qoyanların  rəzil aqibətinin göstəricisidir.

        Prezident, birinci xanım və qızları Leyla Natəvan bulağı ilə tanış oldular. Dövlətimizin başçısı Şuşa şəhərinin su və elektrik enerjisi təchizatı ilə maraqlandı. Bildirildi ki, indi şəhər su ilə də, işıqla da normal şəkildə təchiz olunur. Prezident İlham Əliyev sovet dövründə uşaq sanatoriyası kimi fəaliyyət göstərən, işğaldan sonra ermənilər tərəfindən dağıdılan Natəvan sarayının xan qızının evi kimi bərpa ediləcəyini bildirdi. Dövlətimizin başçısı və ailə üzləri Natəvan sarayının önündə xatirə şəkli çəkdirdilər, Bülbülün dağıdılmış ev-muzeyinə baxdılar, Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərini də ziyarət etdilər, Qazançı kilsəsində oldular.

       Şuşa şəhərində erməni vandalizminə məruz qalan abidələrdən biri də XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir. Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1982-ci ildə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı olub. 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən eksponatlar məhv edilib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva vaxtilə Molla Pənah Vaqifin büstünün olduğu yerə gəldilər,  Vaqifin dağıdılmış məqbərəsinə baxdılar. Prezident burada geniş çıxış etdi.       

       Şuşaya səfər çərçivəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə də olublar. İşğal dövründə ermənilər qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürmək üçün burada bina tikməyə başlamışdılar. Ancaq  şanlı Azərbaycan Ordusu düşmənin bu niyyətini puç etdi.

       Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva erməni vandalizminin qurbanı olmuş Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış oldular.    

        Ertəsi gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yenidən Cıdır düzünə gəldilər. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə çay süfrəsinə qonaq oldular.

         Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir