• Ça. Apr 23rd, 2024

MƏDƏNİYYƏTİMİZİN PAYTAXTI ŞUŞA!

ByYenigun.news

May 11, 2021

MƏDƏNİYYƏTİMİZİN PAYTAXTI ŞUŞA!
Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir. Biz, Azərbaycan vətəndaşları olaraq sonsuz fərəh hissi keçiririk ki, Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olması rəsmiləşmişdir. Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, Qafqazın konservatoriyası olmuşdur. Sərəncam Şuşa şəhərinin bu statusunun bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir. Sərəncamın imzalanma tarixi kimi məhz 7 may tarixinin seçilməsi özündə mühüm mesajlar ehtiva edir. Şuşanın azad olunması kimi onun yenidən bərpası, Azərbaycan mədəniyyətində öz layiqli yerini alması da Ulu Öndərin ən böyük hədəflərindən idi. Bununla dünya erməniliyinə mesaj verilir ki, “Şuşi” adlı bir şəhər yoxdur, olmayıb və heç vaxt olmayacaq.
Şuşa istər yerləşdiyi coğrafi mövqe, istərsə də tarixi və mədəni imkanlarından dolayı Azərbaycan dövləti üçün olduqca strateji əhəmiyyətə malikdir. Çünki Şuşa sadəcə coğrafi baxımdan, Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüququnu nümayiş etdirən əsas yaşayış məntəqəsi kimi strateji əhəmiyyət kəsb edən bir yer deyil. Şuşa həm də Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir yerdir.
Azərbaycan mədəniyyətinin mühüm mərkəzlərindən olan Şuşanın qorunması Ulu Öndər Heydər Əliyevin xüsusi diqqətində olmuş, 1977-ci ildə onun təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir.Azad olunduqdan sonra bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir.
Ermənistan Respublikasının işğalçı hərbi qüvvələri tərəfindən 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edilmiş, burada xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi, vandalizm siyasəti həyata keçirilmişdir. Vandalizmin davam etdiyi 29 il ərazində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılmış, məbədgah və məscidlər təhqir edilmiş, çox sayda nadir əlyazma nümunələri məhv edilmiş, 20 kitabxana yandırılmışdır.
Cənab Prezidentin qeyd etdiyi kimi Şuşa rayonunun işğal altına düşməsi bizim üçün faciə idi. Bu, strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyət idi. Və biz bilməliyik ki, AXC-Müsavat cütlüyü bu torpaqları düşmənə satmaqla xəyanəti etmişdir. Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi, müdafiə olunmurdu. Səriştəsiz rəhbərlik, ordu pərakəndəliyi, xarici qüvvvələrin sifarişlərini yerinə yetirən siyasi qurumların hər şeyi qurban verərək ancaq hakimiyyət kürsüsü uğrunda mübarizə aparması bütün bu məğlubiyyətləri qaçılmaz etmişdi. Azərbaycan xalqı bu xainləri unutmamalıdır! Ordumuzun qətiyyətli mübarizəsi və qüdrəti sayəsində tarixi ədalət bərpa edilmiş, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Müzəffər Ali Baş Komandan “Şuşa bizimdir! Qarabağ bizimdir!” deyərək bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etmişdir: Prezident deyib ki, “Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda, bəlkə də, ən xoşbəxt günlərimdən biridir. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”
Biz, sadə vətəndaşlar bu sözləri sonsuz qürur hissi ilə qarşıladıq, Prezidentimizin bu mühüm qərarını alqışlayırıq.
Aynurə Əliyeva,
Göytəpə şəhər sakini, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir