• Ca. Okt 3rd, 2024

Müttəfiqlik münasibətləri sülhə və
əminamanlığa xidmət edəcək

ByVuqar Ferzeliyev

Fev 24, 2022
   2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin «Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında» Bəyannamə imzalamışlar. Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında bu amil böyük rol oynayıb. 44 günlük Vətən müharibəsi zamanı Rusiya təmkinli davranış sərgilədi. Baxmayaraq ki, Ermənistan tərəfi bir çox amillərdən istifadə etməklə Rusiyanı öz tərəfinə çəkmək istədi Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü praqmatik və düşünülmüş siyasət buna imkan vermədi. Bununla yanaşı, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bir neçə dəfə bəyan etdi ki, hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazilərində gedir. Məhz bu açıqlamanın özü Azərbaycanın torpaqlarını azad etmək yolunda işinə mühüm təkan və dəstək oldu.
 «Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında”» imzalanan Bəyannamədə həm 10 noyabr, həm 11 yanvar, həm də 16 noyabr tarixli üçtərəfli görüşün nəticələrinə əsasən imzalanmış tarixi bəyanatların müddəalarının realizə edilməsi istiqamətində səylərə bundan sonra da hər cür dəstək verilməsi məsələsini özündə ehtiva edir: «Düşünürəm ki, sözügedən Bəyannamədə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq kimi təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi kimi məsələlərin qeyd olunması 10 noyabr 2020-ci il tarixli Bəyanatda əskini tapan məsələlərin daha əsaslı, hüquqi nöqteyi-nəzərdən yerinə yetirilməsi istiqamətində Azərbaycana əlavə avantaj və rıçaqlar qazandırır. Yəni, Azərbaycana separatistlər və yeni müharibə iddiasi ilə çıxış edən, ya da proseslərin gedişatını ləngitməyə çalışaraq ölkələrin iradəsinə, xalqların təhlüksəzilik və rifahına əks bucaqda dayanan revanşist qüvvələrə qarşı Rusiyadan daha konkret addımlar gözləməyə əsas verir.  
   Bu sənədin hazırlanması yeni bir xəbər deyil, bunun hazırlıq prosesi uzun müddət idi ki, gedirdi. Dövlət başçımız həm 2020-ci il 10 oktyabr tarixində RBK-yə verdiyi müsahibədə, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə müraciətində bunun anonsunu vermişdi ki, Rusiya ilə əlaqələrimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq. Bu sənədin regionda gedən son proseslərlə, Ukrayna məsələsi ilə əlaqəsi mövcud deyil.  Azərbaycan müstəqil, hər bir ölkə ilə qarşılıqlı faydalı əməkdaşlıq kontekstində münasibətlər qurur. Xarici siyasətimizin prioritet istiqamətlərində məhz bu amillər dəqiqliklə və aydınlıqla təsbit olunmuşdur. Azərbaycanın Rusiya ilə müttəfiqlik münasibətləri rəsmi Bakının öz maraqları üçün prioritet hesab etdiyi heç bir məsələdə prinsipial mövqe nümayiş etdirməsi yolunda əngəl deyil.
 Tərəflər müxtəlif beynəlxalq iqtisadi, maliyyə və digər təşkilat və institutlar çərçivəsində bir-birinə onlarda iştirakda və ya bir Tərəfin marağı olduğu təqdirdə onun digər Tərəfin üzvü olduğu beynəlxalq təşkilatlara üzv olmasında dəstək verməklə qarşılıqlı fəaliyyət göstərirlər. Tərəflər həmçinin aqrar-sənaye kompleksi sahəsində, o cümlədən kənd təsərrüfatı məhsulları ilə təchiz etmə, kənd təsərrüfatı məhsullarının istehsalının, emalının və saxlanmasının aparıcı texnologiyalarından istifadə məsələləri, eləcə də fitosanitar normalara əməl etmə üzrə əlaqələrin inkişafına və təcrübə mübadiləsinə yardım edəcəklər.

Rahib Kərimov,
Cəlilabad rayon DAİM-in direktoru
YAP Cəlilabad RT İdarə Heyətinin üzvü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir