• Ç. Dek 11th, 2024

Ağdamda bayrağımız qürurla dalğalanır

ByVuqar Ferzeliyev

Noy 18, 2024

       “Ruhlar şəhəri” adlandırılan Ağdamın 27 il davam edən işğalına 20 noyabr 2020-ci ildə son qoyuldu. Həmin il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində işğalçı Ermənistan ağır məğlubiyyətə uğradı və kaputulyasiya aktına imza atmağa məcbur oldu. Ağdam rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də Azərbaycana qaytarıldı. Bu, dövlətimizin böyük hərbi və diplomatik qələbəsi idi. Çünki bəyanata əsasən, Laçın və Kəlbəcər rayonları da bir güllə atılmadan öz sahibinə qaytarıldı. Bununla da 30 ilə yaxın işğal altında olan Ağdam, eləcə də Kəlbəcər və Laçın erməni qəsbkarlardan azad edildi. Azərbaycan Prezidentinin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Ağdam şəhərinin işğaldan azad edildiyi 20 noyabr tarixi Ağdam şəhəri günü kimi qeyd olunur.

            Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz – furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Ağdam Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi, Şahmar Əkbərzadə, Əhməd Ağdamski, Sara Qədimova, Qurban Primov, akademik Zakir Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid Göyüşov, minerologiya elmləri doktoru Xudu Məmmədov və b. onlarla görkəmli şəxsiyyət bəxş etmişdir.

        İşğal dövründə Ağdamda 10 min kvadratkilometrdən çox ərazi Ermənistan tərəfindən dağıdılıb. Törədilən bu vandallıq aktları ucbatından cəhənnəmi xatırladan Ağdamın cənnətə çevrilməsi istiqamətində işlərə başlanılıb. Ötən dörd ildə Ağdam şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Ərazisinin çox hissəsi minalı sahə olsa da, təmizləmə işləri aparıldıqca bərpa-quruculuq tədbirləri də gecikdirilmir. Bütün şəhərlər kimi, Ağdamın da baş planı aparıcı beynəlxalq şirkətlər tərəfindən artıq hazırlanıb və təsdiqlənib.

       Son dörd il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Ağdam rayonunda dəfələrlə səfərdə olublar, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Bu  gəlişlərin hər biri qədim şəhərə yernilik bəxş edib. Ən başlıcası isə budur ki, dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb. 27 ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır.

Emil Həsənov,

Cəlilabad rayon Dövlət Arxivinin müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir