• Şb. İyl 27th, 2024

Azərbaycan alternativ və bərpa olunan enerjiyə keçidlə qlobal iqlim dəyişikliyinə öz töhfəsini verməyi hədəfləyir.

ByVuqar Ferzeliyev

İyn 7, 2024

     İyunun 4-də paytaxtımızda start götürmüş Bakı Enerji Həftəsi də bu gün artıq təkcə regionda deyil, eləcə də bütün dünyada enerji sahəsində ən önəmli qlobal beynəlxalq platformalardan biri hesab olunur. Tədbir çərçivəsində Bakı Ekspo Mərkəzində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışı olub.

     Məlum olduğu kimi, bu beynəlxalq tədbir hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçiləri öz platformasında bir araya gətirir. Bu toplantı təkcə ötən nailiyyətlərimizi ifadə etməklə kifayətlənmir, həm də sənaye sektorunu və dünyanı şəkilləndirəcək gələcək nailiyyətlər üçün körpü rolunu oynayır. Ümumiyyətlə, bütün parametrlərinə görə Bakı Enerji Həftəsi beynəlxalq əhəmiyyət kəsb edən toplantıdır.  Ölkəmiz hazırda Avropanın altı ölkəsini qazla təmin edir və bu say növbəti illərdə artacaq. Azərbaycanın bu qitədə enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsi həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün zəruridir. Fəaliyyətin genişləndirilməsilə bağlı yarana biləcək qaz qıtlığı problemini isə “Şahdəniz” layihəsi birdəfəlik aradan qaldırdı və artıq bu il Azərbaycanın ixrac edəcəyi qazın həcmi 24 milyard kubmetrdən artıq olacaq.

     Bu gün ölkəmiz, həm də qazıntı enerjisindən alternativ və bərpa olunan enerjiyə transformasiyanı qarşıya  hədəf qoyub. Yürüdülən uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan  bu sahəyə də dünyada tanınmış ciddi xarici investorlar cəlb edə bilib və bu proses davam etməkdədir. Bu məqsədlə Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) “Masdar” şirkəti ilə imzaladığı saziş əsasında  Azərbaycanda  üç günəş və külək enerjisi elektrik stansiyaları tikiləcək. Bunu da qazıntı yanacağından bərpa olunan enerji resurslarına transformasiyasının aktiv fazası hesab etmək olar. “Masdar” şirkəti ilə imzalanan müqaviləyə əsasən məqsəd bərpa olunan enerjinin həcmini  2027-ci ilədək 2 qiqavata çatdırmaqdır və bu tamamilə real hədəfdir. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır və bu amil iqtisadi münasibətlərimizin genişlənməsində mühüm şərt kimi çıxış edir. Əlamətdar haldır ki, builki Bakı Enerji Həftəsi “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cü ildönümünə təsadüf edir.

Hazırda Azərbaycan alternativ enerji siyasətini gücləndirir, “Yaşıl enerji”yə böyük önəm verir. COP29-un bu il ölkəmizdə keçirilməsi də bunu təsdiqləyir. Prezident İlham Əliyevin tədbirdə dediyi kimi, COP-a ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni üzərimizə götürərək biz bunun həm üstünlüklərini, həm də müəyyən çətinliklərini tam şəkildə dərk edirik. Ancaq biz bu məsələyə sadiqik. Bu il ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın xüsusi diqqət mərkəzində olacaq. Bakı Enerji Həftəsi ilə əlaqədar ABŞ Prezidenti Cozef Baydenin məktubunda da qeyd olunan məqamlar Azərbaycanın dünya miqyasında nüfuzunun əhəmiyyətli dərəcədə artmasının göstəricisidir.

Elnur Qəniyev,

Salyan rayon Aşağı Noxudlu kənd inzibati ərazi

dairəsi üzrə nümayəndənin müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir