• Şb. Apr 20th, 2024

AZƏRBAYCAN BƏŞƏRİ DƏYƏRLƏRƏ SADİQ ÖLKƏDİR

ByYenigun.news

İyn 2, 2021

Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasında Prezident İlham Əliyevin çıxışı ilə diqqətlə tanış olmuşuq. Cənab İlham Əliyev sessiyada videoformat şəklində təqdim edilən çıxışında çox maraqlı və vacib məqamlara toxunub.

  İlk öncə qeyd edək ki, Azərbaycanda son illər ərzində daxili xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Bu illər ərzində Azərbaycan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla, eyni zamanda, regional liderə çevrilmişdir.  Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə, hətta pandemiya şəraitində Azərbaycan diplomatiyasının ən zəruri vəzifələrindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı əsasında öz həllini tapması olmuşdur. Möhtərəm Prezidentimizin siyasi iradə nümayiş etdirməsi və məntiqli xarici siyasəti nəticəsində ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən daha çox qəbul edilir.  

  Möhtərəm Prezident nəzərə çatdırıb ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiyaya qarşı qlobal mübarizənin əlaqələndirilməsi də daxil olmaqla, qlobal səhiyyə sahəsində idarəçiliklə bağlı aparıcı rolunu və səylərini dəstəkləyir. Dövlət başçımızın həmin çıxışında göstərilir ki, ölkəmiz səhiyyən inkişaf etdirmək, o cümlədən  pandemiyaya qarşı qlobal mübarizə çərçivəsində  səylərini durmadan artırır. Pandemiyanın ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilib. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır. Bununla yanaşı, COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilmişdir.

  Bununla yanaşı Prezident, bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləyib. Bildirib ki, davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. O, söyləyib ki, Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdür. Bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunmuşdur. Prezident İlham Əliyev inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırıb.  

    Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında çıxışında Azərbaycanın çoxşaxəli humanitar siyasət yürütdüyünü qeyd edən Prezident İlham Əliyev öz çıxışında deyib ki, vətəndaşların həyatının mühafizəsi  birinci dərəcəli vəzifədir, bununla bağlı müəyyən edilmiş kurs dəyişməz olaraq qalır. Ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılmışdır ki, bu da aparılan siyasətin bəhrəsidir.

  Prezident İlham Əliyev dünya ölkələri və bütövlükdə bəşəriyyət üçün olduqca həssas bir dönəmdə çox mühüm təşəbbüslərlə çıxış edir. Cənab Prezidentin başçılığı ilə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasət doğma Vətənin tərəqqisi yolunda bizə qol-qanad verir.

Kamal Məsimov, Göytəpə şəhər sakini, həkim, ziyalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir