• Şb. İyl 27th, 2024

Azərbaycan etibarlı tranzit ölkədir

ByVuqar Ferzeliyev

İyn 5, 2024

Ənənəvi olaraq hər il keçirilən “Bakı Enerji Həftəsi” qlobal enerji təhlükəsizliyinin təmini, alternativ və bərpa olunan enerji potensialı, o cümlədən “yaşıl enerji” layihələrinin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün bir fürsətdir. Bu mənada  Prezident İlham Əliyevin cari ilin 4 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində çıxışı tarixi əhəmiyyət ilə diqqəti cəlb etmişdir Burada irəli sürdüyü ideyalarla dinləyicilərin dərin rəğbətini qazanan ölkə rəhbəri kifayət qədər peşəkar siyasətçi olduğunu bir daha təsdiq edib. Toxunduğu bütün məsələlərlə bağlı məntiqli, dolğun və əhatəli fikirlər söyləyən İlham Əliyevi tədbirdə iştirak edənlər diqqətlə dinləyib, öz münasibətlərini bildiriblər. Onların hər biri ölkə rəhbərinin söylədiyi strateji xarakterli tezislərin vacibliyini bir daha vurğulayıb.

        “Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır”. Dövlətimizin başçısı 3 ay öncə Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin Bakı iclasında da bəyan etmişdi ki, ən azından yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz. Məhz bu reallığı rəhbər tutaraq Azərbaycan həm qazıntı yanacağı ilə bir çox ölkələrin enerji təhlükəsizliyində rol almaq, həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizədə açar fiqura çevrilməyi bacarıb. Bu məsələdə də Prezident İlham Əliyevin mövqeyi kifayət qədər aydındır.

         Mühüm məsələlərdən biri də budur ki,  enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu, mənbələrin şaxələndirilməsidir. Bizim halda bu, hər iki məsələdir – həm marşrutlar şaxələndirilir, həm də mənbələr şaxələndirilir. Prezident deyib ki, biz enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaratmışıq və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olmuşuq. Ona görə də, biz Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda çox bahalı layihə olan Cənub Qaz Dəhlizini tikdik. Dəhlizin 2027-ci ilədək genişləndirilməsi və enerji resurslarının nəqli ilə bağlı digər perspektivlər şaxələndirilmiş enerji təchizatında və tərəfdaşlarımızın enerji təhlükəsizliyində ölkəmizin strateji rolunun daha da güclənməsinə xidmət edəcəkdir. Bu isə Azərbaycanın dünya dövlətləri arasında yerini, nüfuzunu  daha da möhkəmləndirəcəkdir.

Ədalət Əsgərov,

Cəlilabad rayon Ağsaqqallar Şurasının sədri      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir