• Şb. Dek 21st, 2024

Azərbaycan-Rusiya münasibətləri regional sabitliyə xidmət edir

ByVuqar Ferzeliyev

Avq 20, 2024

         Rusiya Prezidenti Vladimir Putinin Bakıya dövlət səfəri iki ölkə arasındaskı münasibətlərin, regional və beynəlxalq məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir. Azərbaycan Prezidenti avqustun 19-da mətbuata verdiyi bəyanatda qeyd etdi ki, ikinci Qarabağ müharibəsindəki qələbəmizdən, separatizmə son qoyduqdan və rus hərbi kontingenti Qarabağı tərk etdikdən sonra münasibətlərdə elə bir problemli mövzu qalmayıb. Tərəfdaşlıq var, ticarət mübadiləsi artır, Şimal-cənub nəqliyyat dəhlizinin işə düşməsində əsas açar dövlətlərdən biri də Azərbaycandır. Azərbaycan da bu nəqliyyat dəhlizinin işə düşməsində maraqlıdır. Sadəcə bunun üçün Rusiya və İran Rəşt-Astara dəmir yolunun tikintisini sürətləndirməlidirlər.

        Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında bu amil böyük rol oynayıb. 44 günlük Vətən müharibəsi zamanı Rusiya təmkinli davranış sərgilədi. Baxmayaraq ki, Ermənistan tərəfi bir çox amillərdən istifadə etməklə Rusiyanı öz tərəfinə çəkmək istədi Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü praqmatik və düşünülmüş siyasət buna imkan vermədi. Bununla yanaşı, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bir neçə dəfə bəyan etdi ki, hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazilərində gedir. Məhz bu açıqlamanın özü Azərbaycanın torpaqlarını azad etmək yolunda işinə mühüm təkan və dəstək oldu.

       Azərbaycan Respublikası Prezidentinin irəli sürdüyü təşəbbüslərin dəstəklənməsini misal göstərmək olar. Rusiya və Azərbaycan prezidentlərinin 2022-ci il fevralın 22-də imzaladıqları Bəyannamə bir daha təsdiqlədi ki, Azərbaycan-Rusiya əlaqələri yüksələn xətlə inkişaf edir, heç bir xarici qüvvə bu münasibətlərin inkişafına mane ola bilməz. Bu münasibətlər regionda sülh və sabitliyin, həm də iqtisadi inkişafın çiçəklənməsinə kömək edəcək. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur.

      Rusiya ilə iqtisadi-ticarət əlaqələrinin inkişafı diqqətimizdədir. Bizim strateji müttəfiqlik haqqında birgə Bəyannaməmiz var. Düşünürəm ki, sözügedən Bəyannamədə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq kimi təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi kimi məsələlərin qeyd olunması 10 noyabr 2020-ci il tarixli Bəyanatda əskini tapan məsələlərin daha əsaslı, hüquqi nöqteyi-nəzərdən yerinə yetirilməsi istiqamətində Azərbaycana əlavə avantaj və rıçaqlar qazandırır. Bu baxımdan hesab edirəm ki, yaxın gələcəkdə, siyasi münasibətlərdə də hər hansı sualların yaranmayacağını ehtimal etmək olar. Bəyannamənin tarixi müddəalarının realizə edilməsi istiqamətində səylərə bundan sonra da hər cür dəstək verilməlidir.

   Xumarə Xəlilova,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir