• Ca. İyl 25th, 2024

Azərbaycan yalnız deyil

ByVuqar Ferzeliyev

İyn 13, 2024

       Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə tarixi hadisədir. Bu Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə (siyasi, iqtisadi, ideoloji, humanitar) davamlı inkişafını təmin edir,  eyni zamanda, müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Eləcə də Türkiyə Respublikasının Şuşada baş konsulluq açmaq qərarı Azərbaycanın Qarabağ bölgəsi üçün yeni imkanlar açır. Bu imkanlar həm Şuşaya qayıdacaq şuşalılar, həm ətraf rayonların sakinləri, həm də Qarabağda yaşayan ermənilər üçün firavan gələcək vəd edir.

         Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın mədəniyyət paytaxtı Şuşada rəsmi qarşılanması, Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması, “sevinci və kədəri bir” olan, “bir millət, iki dövlət”in prezidentlərinin mətbuata birgə bəyanatları, dövlət liderlərinin bölgəmizə və dünyaya verdikləri mesajlar bütün xalqımızın böyük ruh yüksəkliyinə səbəb olub. Qardaş ölkənin ali rəhbərinin Şuşadan fəxarət hissi ilə “Qırx dörd günlük müharibə nəticəsində Qarabağ, çox şükür, sahiblərinə qayıtdı və erməni zülmündən, erməni işğalından azad edildi” deməsi, 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anması xalqımızda nə qədər xoş duyğular oyatdısa, bir o qədər də düşmənlərimizi xar elədi.

       Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir. Bəyannamənin imzalanması ilə Azərbaycan və Türkiyə, həm də bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə, malların sərbəst hərəkətinin təşkilinə nail olacaq.

        Azərbaycan yalnız deyil, Türkiyə kimi qüdrətli bir dövlət, türk xalqı kimi mübariz bir xalq, Türkiyə Ordusu kimi güclü bir ordu yanımızdadır. Keçən əsrin əvvəllərində olduğu kimi, bu günümüzdə də biz qardaş Türkiyənin hərtərəfli dəstəyini hiss edirik. Qoy bütün dünya bilsin ki, biz dar günün qardaşlarıyıq, ən çətin günlərdə bir yerdə olacağıq!

        Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.

Aqil Nəzərov,

Şəhid qardaşı, Vətən müharibəsi iştirakçısı, Komanlı

kənd tam orta məktəbinin müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir