• Şb. İyl 13th, 2024

AZƏRBAYCANIN HAQLI MÖVQEYİ BEYNƏLXALQ ALƏMDƏ DƏSTƏKLƏNİR

Byyenigun

Dek 17, 2021

Avropa İttifaqının təşəbbüsü ilə keçirilmiş görüşün nəticələrinə dair Azərbaycanın haqlı mövqeyini təsdiq edən Bəyanat bir daha göstərir ki, Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılması və Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsi imzalanmalıdır. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Aİ predmetli danışıqların tərəfdarıdır. Aİ minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə öz dəstəyini ifadə edir. Sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində də Aİ tərəfindən məşvərətçi statusda dəstək göstərilə bilər. Aİ Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafını dəstəkləyir və yeni birgə iqtisadi əməkdaşlıq platformasının yaradılmasını təklif edir. Aİ regionda kommunikasiya infrastrukturunun yaradılması, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılması və inkişaf etdirilməsinin tərəfdarıdır. Aİ iqtisadi və investisiya resursları vasitəsilə icra olunacaq layihələri dəstəkləyəcəkdir. Eyni zamanda sözügedən qurum dəmir yolu xəttinin çəkilməsi, gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunmasının tərəfdarıdır.
Ermənistan sülh razılaşması üzərində işləməli və XXI əsrdə normal davranışa riayət etməlidir. Biz istənilən halda qonşuyuq, heç birimiz başqa planetə köçməyəcəyik. Ona görə də, biz xalqlar arasında təmaslar da daxil olmaqla münasibətlərin normallaşması üçün yavaş-yavaş, addım-addım təməl hazırlayaraq yanaşı yaşamağı öyrənməliyik. Bu fikirləri Prezident İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibəsində söyləyib. Dövlətimizin başçısı Azərbaycanın münasibətləri normallaşdırmağa hazır olduğunu, lakin hələlik Ermənistan tərəfdən heç bir müsbət işarə alınmadığını bildirərək deyib: “Ermənistan hökumətinin azərbaycanlılara qarşı nifrətin aşılanmasına əsaslanan ictimai rəyin arxasında dayanmaması və normallaşma prosesində öndə getməsi vacibdir. İctimai rəy formalaşdırılmalıdır. Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycanla əlaqələrin normallaşdırılması, Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq, düşmən qonşu deyil, normal qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasıdır. Düşünürəm ki, əgər bu formul Ermənistan hökuməti və siyasi elita tərəfindən qəbul edilsə, bizim irəliləyiş üçün şansımız var. Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycanın mövqeyi açıq-aşkardır: “Mən bunu dəfələrlə açıq şəkildə dilə gətirmişəm və bir daha deyirəm ki, biz Cənubi Qafqaz üçün sülh istəyirik, sabitlik, təhlükəsizlik və çiçəklənən gələcək istəyirik.
Ermənistan tərəfi kommunikasiya xətlərinin açılması, həm də sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı prosesin yubadılmasında maraqlıdır. O hələ də sülhə hazır deyil. Azərbaycan tərəfi öz şərtlərini Ermənistana irəli sürüb və tezislər əsas etibarilə sülhün daha da dayanıqlı şəkildə qorunmasına xidmət edən addımlardır. Düşünürəm ki, Azərbaycanın irəli sürdüyü şərtlərlə təhlükəsizlik arxitekturası daha da güclənəcək və regionda yaşayan xalqların rifahı təmin olunacaq. Ermənistan tərəfi bu şərtləri qəbul etməlidir ki, daxili ictimai-siyasətdə də olan neqativ mühitin və ünsürlərin qarşısı alınsın.
Ələsgər Mirzəzadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir