• Şb. İyl 27th, 2024

Birgə səylər bəhrə verəcək    

ByVuqar Ferzeliyev

May 21, 2024

     Mayın 16-da Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər, aparılan müzakirələr tərəflər arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyini təsdiqləyir.

        Səfər zamanı hər iki dövlət başçısının mətbuata verdikləri bəyanatlar dərin maraq doğurub.  Prezident İlham Əliyev deyib: “Hesab edirəm ki, münaqişədən sonrakı inkişafla bağlı vəziyyət bütövlükdə müsbət səciyyələndirilə bilər. Mən münaqişədən sonrakı vəziyyətin inkişafına bizim yanaşmalarımız və bu haqda bizim təsəvvürümüz barədə Aleksandr Qriqoryeviçi məlumatlandırdım. Şübhəsiz, biz belə hesab edirik və reallıq da belədir ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanıb. Azərbaycan onu müstəqil surətdə nizamlayıb, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirib”,-deyən Azərbaycan Prezidenti bildirib ki, bu qətnamələr 27 il ərzində kağız üzərində qalıb və təəssüf ki, onların implementasiyası mexanizmi işə salınmayıb. Minsk qrupunun həmsədr ölkələrinin erməni tərəfinə müraciətlə işğala son qoymaq çağırışları da yerinə yetirilməyib: “Həmsədrlərin status-kvonun qəbuledilməzliyi barədə bəyanatları erməni tərəfindən eşidilməyib. Ermənistanın başına gələnlərin təqsirkarı məhz 20 il ərzində ölkəni uçuruma aparan Ermənistan rəhbərliyidir. İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun alçaldıcı məğlubiyyəti və tamamilə darmadağın edilməsi ilə başa çatıb. Bunun əsas təqsirkarları Ermənistanda bundan əvvəl hakimiyyətdə olanlardır.

        Dövlət başçısı bildirib ki, ərazilərin bərpası işlərinə yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik: “Belarus da Azərbaycan üçün belə ölkədir. Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər. Ümidvarıq ki, dördüncü ölkə Belarus olacaq. Biz bu sahədə məsləhətləşmələri davam etdirmək üçün Azərbaycan hökumətinin üzvlərinin Belarusa səfərləri barədə artıq razılıq əldə etmişik”.

       Azərbaycan Prezidenti əlavə edib ki, sənaye kooperasiyası bizim münasibətlərin çox böyük seqmentidir: “Hökumətlərarası komissiyanın həmsədrləri layihələrin uğurla həyata keçirilməsi barədə bizə məruzə ediblər. Aleksandr Qriqoryeviç ilə biz bu layihəni Belarus traktorlarının yığılmasından başladıq, sonra başqa istehsalatlara – avtomobillər, yük maşınları, kombaynlar, avtobuslar və bizim “Yaşıl Qarabağ zonası” konsepsiyası çərçivəsində işimizə çox yarayacaq elektrobuslar istehsalını da nəzərdə tuturuq. Alternativ enerji mənbələri yaradılmasında Belarus şirkətlərinin iştirakı ilə bağlı məsələləri də müzakirə olunub.  

Arif Nəcəfov,

Cəlilabad rayon Statistika İdarəsinin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir