• Ç. Fev 28th, 2024

Heydər Əliyevin irsi bütün uğurların təməlidir

ByVuqar Ferzeliyev

İyn 20, 2022

Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi ulu öndərin adı ilə sıx bağlıdır.
90-ci illərin əvvəllərində Azərbaycanda baş vermiş hadisələr, yenicə müstəqilliyinə qovuşmuş ölkənin gələcəyi üçün təhlükə törədirdi. Ölkədə yaranmış ictimai-siyasi xaos, anarxiya, zorakılıq halları, milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam iflasına rəvac verirdi. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhv olmaq təhlükəsi qarşısında qalmış, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə gətirilmişdi. Belə bir vaxtda ölkəni bu bəladan xilas edərək, gələcək inkişafa doğru inamla apara biləcək bir liderə ehtiyac duyulurdu. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başlamışdır. İlk növbədə, hakimiyyət vakuumu aradan qaldırılmış, respublikanın müxtəlif bölgələrində baş qaldırmış destruktiv qüvvələr xalqın fəal köməyi ilə zərərsizləşdirilmiş, vətəndaş müharibəsinin qarşısı alınmışdır.
Məhz belə bir vaxtda xalqımızın təhkidli tələbi ilə hakimiyyətə qayıdan və ölkə parlamentinə sədr seçilən Heydər Əliyev respublikanı müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyin xilaskarı və qurucusu kimi daxil olmuşdur. Qısa bir müddət ərzində həyata keçirilmiş islahatlar, dövlət müstəqilliyinin qorunub saxlanılması üçün atılmış addımlar, dünyanın və Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əlaqələrin qurulması və əməkdaşlığın uğurla davam etdirilməsi ölkəmizin inkişafı istiqamətində mühüm rol oynamışdır.
Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı.
Ulu Öndərin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Xalqın tarixi yaddaşının özünə qaytarılması onun qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdır.

Xudayar Soltanlı, ADPU Cəlilabad filialının direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir