• Bz. Noy 10th, 2024

İŞĞALA SON QOYAN BİRLİK

ByYenigun.news

İyn 19, 2021

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Azərbaycan Parlamentindəki çıxışını diqqətlə dinlədikcə qəlbimizdə belə təəssürat yaranır ki, Türkiyə əməkdaşlıq mənafeləri və beynəlxalq hüquq tələbləri çərçivəsində bütün addımları gələcəkdə də atacaq. Geridə qalmış otuz ildə Qarabağda yaşanan böhranlı dövrdə kimlərin əlinə nə keçdiyi, kimlərin bu işdən qazancla çıxdığı, kimlərin də itirdiyi çox yaxşı bəllidir. Canı yananlar, qanı tökülənlər, acı çəkənlər, maddi və mənəvi olaraq itirənlər və otuz il köçkün düşən insanlar artıq öz doğma torpaqlarına qayıdacaqdır. İşğal altındakı həmin torpaqlar otuz il sonra yenidən sahiblərinə qovuşacaqdır. Həmçinin, Türkiyə bölgədə yeni reallığa uyğun olaraq əməkdaşlıq perspektivlərinin açılmasına çox maraqla baxır və bu perspektivlərin gerçəkləşməsi üçün əlindən gələni etməyə hazırdır.
Azərbaycan və Türkiyə bütün tarixi dövrlərdə bir-birinin yanında olublar. Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Necə ki, Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşübsə, necə ki, Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblarsa, necə ki, Qafqaz İslam Ordusunun aslanları – Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, bu gün və gələcəkdə də bu iki xalq bərabər olacaqdır.

    Rəcəb Tayyib Ərdoğanın Milli Qurtuluş Günündə Azərbaycana səfəri, Füzuliyə, oradan da Şuşaya yollanması, birmənalı bəyanatlar səsləndirərək Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman ölkəmizin yanında dayandığını bildirməsi ölkəmizin gücünə güc qatdı. Prezidentlərin Şuşadan verdikləri bəyanatlar isə həm qardaşlığın əzəmətini, həm də əsl müttəfiqlik konsepsiyasının ölməzliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Şuşa Bəyannaməsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq ediblər. Bəyannaməyə əsasən, tərəflər iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmnunluq ifadə edərək siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edirlər.
  Beləliklə, Azərbaycan və Türkiyə bölgədə sülh və sabitlik üçün birgə addımlayır, region ölkələrini əməkdaşlıq mühitində birləşdirən layihələr reallaşdırır: Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğanın Milli Məclisdə çıxışı bildirdiyi kimi, 44 günlük Vətən müharibəsində qazanılmış zəfər Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək. Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanı birləşdirən yeni platforma ilə artıq bölgədə sabitlik meydana gələcək və düşmənçiliklər aradan qalxacaq. Bununla da region ölkələrinin inkişafına əlavə imkanlar yaradacaq yeni beynəlxalq əməkdaşlıq birliyi meydana çıxacaq”. Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizi də bölgəyə rahatlıq və zənginlik gətirəcək.      
  Postmüharibə dönəmi Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır.  Cənab Rəcəb Tayyib Ərdoğanın bildirdiyi kimi Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə də lazımi addımları atacaq və Azərbaycanın Zəfəri hər kəsin ortaq zəfərinə çeviriləcək. İşğaldan azad olunmuş torpaqlarda artıq bərpa, yenilənmə, canlanma başlayıb. Dünyanın güclü dövlətlərinin şirkətləri Qarabağda müxtəlif işlər həyata keçirir, infrastruktur, sənaye, kənd təsərrüfatı layihələri reallaşdırırlar. Qardaş Türkiyənin də şirkətləri iri layihələrdə yer alıb, Qarabağın cənnətə çevrilməsi prosesində yaxından iştirak edirlər. Qardaş Türkiyə həm də bölgədə məktəb, xəstəxana və digər sosial obyektlərin inşasında da yaxından iştirak edəcək. Bir sözlə, Qarabağ artıq müharibə deyil, inkişaf, əməkdaşlıq, təhlükəsizlik bölgəsinə çevriləcək. Alqış bu birlik və qardaşlığa!

Maşalla Əliyev, Cəlilabad şəhər sakini, Qarabağ qazisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir