• Ca. Okt 3rd, 2024

Milli Qurtuluşa gedən yolun ilk pilləsi

ByVuqar Ferzeliyev

Sen 2, 2024

      Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi dövlətimizin müstəqilliyini əbədi və dönməz etdi. Bu baxımdan, 1991-cü il sentyabrın 3-ü Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi.

       O zaman Naxçıvan sakinləri böyük səs çoxluğu ilə öz seçimini etdi və ulu öndər Heydər Əliyevi muxtar respublikanın Ali Məclisinin sədri seçdi. Həmin seçimlə nəinki Naxçıvanın, bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Ulu Öndər həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.

       Heydər Əliyev Naxçıvan MR Ali Məclisinə rəhbərlik etdiyi dövr ərzində muxtar respublikanı zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, onun gələcək inkişaf strategiyasını müəyyən etmiş və bu strategiyanın həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Bu dövr Naxçıvan camaatının tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. Xalqın mütləq əksəriyyətinin səsini qazanan Ulu Öndər dövlətə və xalqa sədaqət andı içərək Naxçıvanı böyük bəlalardan, faciələrdən hifz edib, bu bölgəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxartdı.

        Xalq məhz o dövrdə cəmiyyətimiz ağır durumda olan Azərbaycanın nicatının Heydər Əliyev ideyalarında olduğunu aydın dərk edirdi. Bu fikrin ən sadə izahı kimi müstəqilliyin ilk illərində xalqımızın başına gətirilən müsibətləri bir daha yada salmaq kifayətdir. Əgər o vaxt sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan qanlı faciələri görməz, xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi.

          Ulu Öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən – 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq etmiş, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə əsl dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.

          Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi.Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi.

Ədalət Əsgərov,

Cəlilabad rayon Ağsaqqallar Şurasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir