• Ca. İyl 25th, 2024

Müstəqilliyin ilk illəri.

ByVuqar Ferzeliyev

İyn 21, 2024

30 avqust 1991 — Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi.    1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi alternativ əsasda səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Yenə də torpaqların düşmənə verilməsi ilə ölkədə siyasi böhran yaranacağına, hakimiyyət çevrilişi olacağına ümid edənlərin və hakimiyyəti ələ keçirmək istəyənlərin cinayətkar satqınlığı nəticəsində 1993-cü ilin yayında və payızında Azərbaycanın ərazi bütövlüyünə yeni zərbələr vuruldu. İyunun 25-dən 26-a keçən gecə nizami silahlı qüvvələr döyüş meydanından çıxarıldı. İyulun 23-də səhər əsasən yerli özünümüdafiə dəstələrinin gücü ilə 43 gün düşmənlə qanlı döyüşlər aparmış Ağdam şəhəri süqut etdi. Surət Hüseynova, Əlikram Hümbətova, Rəhim Qazıyevə və Xalq Cəbhəsinə sadiq hərbi hissələrin təxribatı nəticəsində avqustun 25-də Cəbrayıl və Füzuli, avqustun 31-də Qubadlı rayonları işğal olundu. Mühasirəyə düşmüş Zəngilan rayonu oktyabrın 27-də düşmən əlinə keçdi. Respublika ərazisinin artıq 20 faizi düşmən tapdağı atında qalmışdı. Ermənilər “torpağı viran qoymaq” taktikasına əl atmışdılar. Müharibədə 20 min azərbaycanlı şəhid olmuş, 100 min nəfər yaralanmış, 5 min nəfər əlil olmuşdu. Qaçqın və köçkünlərin sayı milyonu keçmişdi. İşğal olunmuş ərazilərdən erməni ordularının dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələbi BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində öz əksini tapsa da, Ermənistan müxtəlif bəhanələrlə onları yerinə yetirməkdən imtina edirdi. Müdafiə Nazirliyinə tabe olmayan, müxtəlif siyasi ambisiyalı, döyüş qabiliyyəti olmayan, nizamsız hərbi hissələri ləğv etmək, güclü nizami ordu yaratmaq, bunun üçün xalqı ayağa qaldırmaq, birləşdirmək lazım idi. Prezident Heydər Əliyev 1993-cü il noyabrın 2-də televiziya və radio vasitəsilə xalqa müraciət etdi, onu ölkənin qorunması və azadlığı uğrunda birləşib düşmənə qarşı mübarizəyə qalxmağa çağırdı. Bütün xalq prezidentin çağırışına ürəkdən qoşuldu. Könüllülərdən ibarət batalyonlar yaradılıb cəbhəyə göndərildi. Noyabr-dekabr aylarında 16,7 min nəfərlik 40 ehtiyat taboru təşkil edildi. Prezident cəbhə bölgələrində ordunun, əsgərlərin döyüş hazırlığı ilə yaxından tanış olub, konkret tədbirlər müəyyənləşdirdi. Azərbaycanın yeni ordusu yaranırdı. Dövlət Müdafiə Komitəsi təşkil olunmuşdu. Azərbaycan öz suverenliyinə hörmət çərçivəsində qonşu Rusiyanın münaqişəni həll etmək sahəsindəki səylərindən də imtina etmədi. 1994-cü il mayın 8-də münaqişədə iştirak edən tərəflərin, o cümlədən Yuxarı Qarabağın erməni və azərbaycanlı icmalarının niyyətini təsdiq edən Bişkek protokolu Azərbaycan Respublikası tərəfindən də imzalandı. Azərbaycan Prezidenti Heydər Əliyevin uğurlu diplomatiyası, Milli Ordunun güclənməsi nəticəsində düşmən və onun havadarları artıq münaqişənin zorakı vasitələrlə həll etmək cəhdlərinin perspektivsizliyini dərk edirdilər. 1994-cü il mayın 12-də cəbhələrdə atəşkəsə nail olundu. Məhz Heydər Əliyevin xilaskar missiyası sayəsində bu gün yaranmasının 25 illiyini bayram etdiyimiz Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkə dinc inkişaf yoluna qədəm qoydu. Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının, hüquqi dövlət quruculuğunun əsası, beynəlxalq aləmdə artan nüfuzunun təməli ümummilli lider Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdə qoyulmuşdur və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Samir Talıbov

Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir