• Ca. İyl 25th, 2024

Ölkəmizin ŞƏT ilə əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir

ByVuqar Ferzeliyev

İyl 5, 2024

       Prezident İlham Əliyevin 4 iyul 2024-cü il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdə çıxışı ölkələrimiz arasında mövcud olan etibarlı əməkdaşlıq əlaqələrinin bir daha təsdiqi oldu.

        Qeyd edək ki, Azərbaycan ikinci dəfədir ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısına dəvət olunub. Bu dəvət Azərbaycanın üzv dövlətlər ilə inkişaf edən tərəfdaşlığının bariz nümunəsidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr ölkəmizi Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevirməkdədir.

       Azərbaycanın Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yoluna etdiyi sərmayələr bu yolun illik ötürücülük qabiliyyətini 1 milyon tondan 5 milyon tona qədər artırıb. Bundan əlavə, Azərbaycan tərəfdaşları ilə birlikdə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyəti isə Azərbaycanın nəqliyyat imkanlarını daha da genişləndirəcəkdir.

       Azərbaycan həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində çalışır və zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.

       Prezident İlham Əliyev çıxışında bir sıra vacib məsələlər haqqında fikirlərini vurğuladı. Dövlətimizin rəhbəri qeyd etdi ki, Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. 2019-2023-cü illərdə Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdi. Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacaq. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib və bu dövlətlərə dəstək göstərmək prioritetləri sırasında yer alır.

       Bir sözlə, sammitin gedişində bütün dünya ictimaiyyəti bir sıra məqamları, xüsusən də ölkəmizin, Azərbaycanın artan nüfuzunu ardıcıl olaraq müşahidə etdi. Astanada Azərbaycan Prezidenti cənab İlham Əliyev, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri cənab Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüşün baş tutmuş, Qazaxıstanın və Rusiyanın dövlət başçıları ilə apardığı müzakirələr diqqəti cəlb edir.    

       Elçin Zeynalov,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir