• Be. Okt 14th, 2024

PANDEMİYADAN YEGANƏ XİLAS YOLU VAKSİNDİR

ByYenigun.news

İyn 22, 2021

Ümumdünya Səhiyyə Təşkilatının mayın 31-də keçirilmiş sessiyasının bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı hər birimizin yadındadır. Prezidentimiz həmin tədbirdə bəyan etdi ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizənin əlaqələndirilməsi də daxil olmaqla, qlobal səhiyyə sahəsində idarəçiliklə bağlı aparıcı rolunu və səylərini dəstəkləyir. Pandemiyanın lap ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır. Bununla yanaşı, COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilmişdir.
Bunlar, əlbəttə, üzdə olan ümumi nəticələrdir. Əslində isə görülmüş işlərin miqyası xeyli genişdir, hazırkı şəraitdə bütün qüvvələr qorxulu virusa qarşı mübarizəyə yönəldilmişdir. Başqa sözlə, dəhşətli düşmənə qarşı ikinci müharibə gedir. Sevindirici haldır ki, biz dövlətimizin, onun başçısı cənab İlham Əliyevin, Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın daimi qayğı və diqqəti sayəsində bu cəbhədə də qalib gəlirik. MDB ölkələrində koronavirusa qarşı peyvəndləmənin səviyyəsi barədə məlumatları təhlil etdikdən sonra regionda peyvənd vurulmasına ilk başlayan ölkələrdən biri olan Azərbaycanın həm peyvənd alışı həcminə, həm də ondan istifadə sürətinə görə əksər ölkələri qabaqladığını görmək olar. Statistika göstərir ki, Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. Hər 100 nəfərə düşən peyvənd olunmuş adam sayına görə də Azərbaycan liderlər sırasındadır, yalnız Rusiyadan geri qalırıq. Rəqəmlər bir daha Azərbaycanın əhalinin peyvəndlənmə prosesinə kifayət qədər ciddi yanaşdığını sübut edir. Ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılmışdır.
Lakin koronavirus dünyaya yeni mutasiyalar təqdim edir və bir sıra ölkələrdə yeni yoluxma dalğasının yaranmasına səbəb olur ki, bu da ölüm dərəcələrinin artması ilə müşayiət olunur və nəticədə sərt karantin tədbirlərinin tətbiqinə zəmin yaradır. Bu vəziyyətdə aşılama əhəmiyyətli rol oynaya bilər. Vaksinasiyanın sürəti artırılarsa, ölüm və xəstəxanaya yerləşdirmə səviyyələrini, xüsusilə də risk qrupuna adi olan insanlar arasında, azaltmaq mümkün olacaq.

Yeni növ koronavirus infeksiyası əleyhinə vaksin vurdurandan sonra immunitet dərhal formalaşmır. Bunun üçün ikinci dozadan sonra ən azı 2 həftə keçməlidir. Fərddən asılı olaraq, bu müddət uzun ola bilər. Yalnız bundan sonra immunitet formalaşmış hesab olunur. Bu bəladan qurtulmaq üçün hər kəs fəallıq göstərməlidir.  Gözəgörünməz düşmənlə mübarizədə hər kəs birlik nümayiş etdirməlidir. Ona görə də vətəndaşları vaksinasiyada aktiv iştirak etməyə və üç qızıl qaydaya - tibbi maskadan istifadə, sosial məsafənin saxlanılması, gigiyena qaydalarına əməl olunmasına riayət etməyə səsləyirəm. İstər ictimai nəqliyyat vasitələrində, istərsə də qapalı məkanlarda qorunma tədbirlərinə nə qədər doğru şəkildə əməl olunsa, bir o qədər çox qorunmuş oluruq. Xəstəliyi əvvəl keçirənlər və peyvənd olunanlar da hər kəs kimi qorunma tədbirlərinə əməl etməlidirlər.

  Bildiyimiz kimi geniş yayılmış və uzun müddət davam edən infeksiyalara qarşı vaksinasiya edilməsi ölkələrin milli peyvənd təqviminə salınır. Yeni koronovirus infeksiyasına qarşı vaksinasiyanın milli təqvim planına salınması zəruriliyi müxtəlif ölkə alimləri tərəfindən müzakirə olunur və bu məsələnin həllinin zamana ehtiyacı vardır. Ona görə də birdəfəlik bilmək lazımdır ki, vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən yaxşı üsuldur. İnsanı 1 və ya 2 həftə xəstə edən COVID-19 virusu qohumlar, uşaqlar və ya iş yoldaşları üçün ölümcül ola bilər. Gəlin ehtiyatə əldən verməyək, vaksinasiya işinə ciddi yanaşaq. Yalnız bu yolla qorxulu bəladan yaxa qurtara bilərik.

İlham Əliyev, Cəlilabad GEM-in direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir