• Ca. Okt 3rd, 2024

Qarşılıqlı səylər razılıq hissi doğurur

ByVuqar Ferzeliyev

Sen 9, 2024

      Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı səsləndirdiyi fikirlər mühüm önəm daşıması ilə diqqət çəkib. Prezident İlham Əliyev bildirib ki, artan enerji tələbatını ödəmək üçün bizim, əlbəttə, sıx əməkdaşlığa və koordina­siyaya ehtiyacımız var. Azərbaycanın bu məqsədlə Avropa İttifaqı ilə artıq rəsmi olaraq enerji sahəsində dialoqu uğurla davam edir.

       Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir. Eyni zamanda, bu məsələdə tranzit ölkə rolunu oynayır. Prezident İlham Əliyev Azərbaycanın böyük neft və qaz potensialına malik ölkə kimi dünya üçün önəmini dəfələrlə vurğulayıb. Dövlətimizin başçısı deyib ki, bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.

        Azərbaycan azad olunmuş ərazilərdə artıq irimiqyaslı infrastruktur layihələrinin icrasına başlayıb. Biz birinci beynəlxalq hava limanını istifadəyə vermişik. İkinci beynəlxalq hava limanının uçuş-enmə zolağı artıq fəaliyyət göstərir və tezliklə hava limanının açılışı olacaqdır. Biz elektrik stansiyaları tikmişik və elektrik xətləri çəkmişik. Avtomobil yolları, tunellər, körpülər və dəmir yolları inşa edirik. İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər. Onların gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir.

       Bəli, həqiqət və reallıq budur ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan dövləti xalqı­mızın milli maraqlarına xidmət edən, eyni zamanda beynəlxalq normalara əsaslanan müstəqil, ədalətli və prinsipial xarici siyasət kursu həyata keçirir.

        Azərbaycan rəhbərliyinin müxtəlif platformalarda keçirilən görüşlərdə ölkəmizin mövqeyini dünyaya bəyan etməsi artıq bir ənənəyə çevrilib. Prezident İlham Əliyevin İtaliyaya səfərə dəvət olunması da Azərbaycan Prezidentinin şəxsiyyətinə, nüfuzuna olan böyük hörmət və etimadın ifadəsidir. Cənab Prezident İtaliyada müzəffər Ali Baş Komandan kimi tanınır və orada yaxşı bilirlər ki, o, tarix yazmış şəxsiyyətdir. Bu isə  İtaliyanın Azərbaycana olan məlum münasibətini şərtləndirən amillər sırasındadır. Milli və bəşəri dəyərlərdən qaynaqlanan bu xətt sivil dünya tərəfindən uğurlu siyasət modeli kimi qəbul və təqdir olunur, nəticədə Azərbaycanın nüfuzu və imici daim yüksəlir.

Xumarə Xəlilova,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir