• Şb. Dek 10th, 2022

QÜDRƏTLİ AZƏRBAYCAN ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ŞAH ƏSƏRİDİR

ByYenigun.news

İyn 17, 2021

Milli Qurtuluşumuz ölkəmizin tarixində möhtəşəm hadisədir, bizlərə və gələcək nəsillərə inkişaf üçün sarsılmaz bir təməl olmuşdur. İndi respublikmızın hər sahədə qazandığı uğurlara görə birinci növbədə Heydər Əliyev dühasına minnətdarıq. O, doğma xalqın milli şüurunu dirçəldərək, onda gələcəyə tükənməz ümidlərlə baxmaq vərdişi yaratdı, Azərbaycan xalqının malik olduğu potensialın, enerjinin daşıyıcısı olmaqla bu keyfiyyətlərin parlaq nümunəsi oldu. Məhz həmin keyfiyyətlər demokratik, hüquqi, dünyəvi dövlətin bərqərar olmasında və inkişafında mühüm rol oynadı.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 1993-2003-cü illər Azərbaycan xalqı və dövləti üçün böyük əhəmiyyətli illər olmuş, müstəqil dövlətçiliyimizin əsasları qoyulmuşdur. Hakimiyyətə gələndən sonra AXC-nin üzvləri dərhal bir-biri ilə mübarizəyə başlamışdılar: hakimiyyət daxilində çoxsaylı kiçik qruplaşmalar yaranaraq birincilik uğrunda mübarizə aparırdılar. Daxili işlər naziri və parlament sədri prezidentlik iddialarını açıq şəkildə dilə gətirir, nəzarətlərində olan media quruluşlarında prezident əleyhinə sərt kampaniya aparırdılar. Əli Kərimlinin nəzarətində olan media qurumları baş nazir və spikeri ələ salırdı, Prezidentin özünə yaxın AXC İcraiyyə Komitəsi rəsmi bəyanatla nazirləri, parlament sədrini dövlətə və ya hakimiyyətə xəyanətdə ittiham edirdi. AXC-Müsavat cütlüyü Azərbaycanı yerləşdiyi bölgədə təcrid etmişdi. Hərbi məğlubiyyət daxili böhranla tamamlanırdı. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqilliyini sual altına qoymuşdu. AXC-Müsavat hakimiyyətinin ifrat səriştəsizliyi, ölkənin təcrid olunmuş vəziyyətə düşməsi, daxildə vətəndaş müharibəsi təhlükəsi Yeni Azərbaycan Partiyasının yaranmasını tarixi zərurətə çevirmişdi. O vaxt cəsarət və milli düşüncə göstərmiş vətənpərvər insanlar – məşhur “91-lər” Ulu Öndərə müraciət etdilər. Yeni Azərbaycan Partiyasının yaranmasına əngəl olmaq istəyənlər əslində Azərbaycan dövlətçiliyinə qarşı çıxırdılar. Heydər Əliyev fenomenindən o qədər qorxurdular, öz cılız mahiyyətlərini özləri o qədər dərk edirdilər, bilirdilər ki, əgər YAP-ın qurultayı Bakıda keçirilsə, bunların hakimiyyətinə son qoyulacaq.
20 Yanvar faciəsinə siyasi qiymət verildi. Xalq Cəbhəsi-Müsavat cütlüyü 20 Yanvar faciəsinə siyasi qiymət verməmiş, ört-basdır etmək istəmişdi, çünki onların da əli Azərbaycan xalqının qanına batmışdı. Azərbaycan Konstitusiyası yalnız Heydər Əliyevin dövründə qəbul edildi. Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura məhz Heydər Əliyev tərəfindən ləğv edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən çıxdı, hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başladı. Ölkəyə böyük investisiyalar cəlb edildi. Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. O kadrlar bu gün də ölkəmizin müxtəlif sahələrində öz töhfələrini verirlər. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Birinci Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlanıldı. İdarəetmə sistemi formalaşdırıldı, insanlarda öz dövlətinə inam geri qaytarıldı Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.
Bu gün əldə edilən nailiyyətlər, ölkəmizdəki dinamik yüksəliş, uğurlu göstəricilər məqsədyönlü şəkildə aparılan islahatların nəticəsidir. Dövlət başçısının təşəbbüsləri ilə son illər əhalinin rifahının daha da yaxşılaşdırılmasında, yeni iş yerlərinin açılmasında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsində möhtəşəm işləri görməmək mümkün deyildir.

  Əzəmətli layihələrin həyata keçirilməsi ilə paralel olaraq sosial proqramlar ardıcıl olaraq yerinə yetirilir, insanların daha firavan yaşaması üçün tədbirlər görülür. Son vaxtlar əməkhaqlarının və pensiyaların həcminin artırılması, yaşayış meyarının çoxaldılması, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət sahələrində görülən tədbirlər vətəndaşların rifah-halının yüksəldilməsinə yönəldilmişdir.

   Möhkəm əminliklə söyləmək olar ki, gələcək vəzifələr də tamamilə həyata keçiriləcək, Vətənimizin tərəqqisi yolunda bütün mərhələlər də uğurla keçiləcək, müstəqil dövlətimiz daha da çiçəklənəcəkdir. Azərbaycan vətəndaşının bundan ümdə arzu və amalı yoxdur.

Şahmar Hümbətov, Cəlilabad rayonu, Əliabad kənd sakini, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir