• Be. Okt 14th, 2024

SƏRTLƏŞDİRİLMİŞ KARANTİN REJİMİ İSTƏMİRİKSƏ, VAKSİN OLUNMALIYIQ

ByYenigun.news

İyn 22, 2021

Artıq il yarımdır ki, çoxdur ki, yeni növ koronavirus (COVID-19) infeksiyası dünyanı narahat edən əsas problemə çevrilib. COVID-19-un daha geniş yayılmasının qarşısını almaq üçün bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda da davamlı tədbirlər görülür. Lakin son vaxtlar dünya düzənində bu virusa yolxanların sayında ciddi artımın qeydə alınması ayrı-ayrı ölkələri yenidən sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qoyub. Belə ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının sürətlə yayılması, yoluxan və həyatını itirən şəxslərin sayında kəskin artım bütün dünya üçün hələ də çox ciddi problemdir. Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün sərt məhdudiyyətlər tətbiq edilir. Pandemiya ilə mübarizə çərçivəsində görülən tədbirlərlə yanaşı, sərt karantin rejimi də qüvvədə saxlanılır, kütləvi tədbirlərin keçirilməsinə icazə verilmir. Mütəxəssislərin sözlərinə görə, bu, insanların sağlamlığının qorunması üçün çox böyük əhəmiyyətə malikdir.
Vurğulamaq lazımdır ki, ölkəmizdə də həyata keçirilən tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunmasına yönəldilib. Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən ölkə Azərbaycandır və peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqedədir. Dünyada vaksin qıtlığı yaşandığı bir zamanda bu məsələlər Azərbaycanda effektiv şəkildə həll olunur. Respublikamızda əhalinin vaksinasiyası sürətlə və mütəşəkkil şəkildə davam edir.
Doğrudur, pandemiyadan qorunmağın yolları əhalinin vaksinasiya olunması ilə bərabər, gigiyena qaydalarına riayət edilməsi, sosial məsafənin gözlənilməsi və tibbi maskadan düzgün istifadə edilməsidir. Ancaq təhlükəli infeksiyanın qarşısını ala biləcək başlıca üsul vaksinasiyadır. Nə qədər çox insana peyvənd vurularsa, kütləvi immunitetin yaranması da bir o qədər tez təmin olunar və beləliklə, biz xəstəliyə daha tez qalib gəlmiş olarıq.

  Peyvəndlər digər insanları da qoruyur. Çox az sayda olsa da vaksinasiyaya əks göstərişi olan insanlar da var. Peyvənd olunanlar qazanılan immunitet sayəsində onları da qorumuş olur. Bu siyahıya vaksinasiya strategiyasına uyğun olaraq hamilə qadınlar, süd verən analar, 18 yaşdan kiçik vətəndaşlar da aiddir. COVID-19-a qarşı hazırlanmış peyvəndlər dünyada təxminən 3,9 milyona yaxın insanın ölümünə səbəb olan pandemiyanı dayandırmaq üçün həyati əhəmiyyətə malikdir.

  Uşaqların gələcəyi üçün vaksin vacibdir. COVID-19 səbəbindən dünyanın hər yerində şagird və tələbələrin təhsili məhdudlaşıb. Dünyada 1 milyarda yaxın şagird təhsilini davam etdirə bilmədi. Pandemiya “müasir dövrdə təhsilə vurulan ən böyük zərbə” hesab edilə bilər. Bu səbəbdən vaksinasiya təhsildəki itkiləri bərpa etmək və uşaqlara etibarlı bir gələcək yaratmaq üçün çox vacibdir.

   Bunları xatırlatmaqla yanaşı onu da vurğulamaq lazımdır ki, Azərbaycanda COVİD-19-un qeydə alındığı ilk gündən bu xəstəliyin geniş yayılmasının qarşısını almaq üçüm dövlət tərəfindən mühüm və davamlı addımlar atılır. Dövlətimizin səyi nəticəsində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini alınıb və vaksinasiya prosesinə start verilib. Azərbaycan əhalisini ilk vaksinasiya edən ölkələr sırasındadır.

   Həyata keçirilən qabaqlayıcı effektiv tədbirlərin nəticəsi olaraq koronavirusa yoluxma sayında kəskin azalma müşahidə olunur. Son bir ayda xəstəxanalarda xəstə sayı azalan tendensiya ilə davam edir. Təhlükəli virusa yoluxmuş insanların əksəriyyəti sağalaraq evlərinə göndərilib. Yürüdülən dövlət siyasəti və vətəndaşların artan məsuliyyəti nəticəsində bu gün Azərbaycanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır.
   Lakin qonşu ölkələrdə son vaxtlar baş verənlər də bir daha təsdiqləyir ki, qətiyyən arxayınlaşmamalı, ehtiyyatlı olmalıyıq. Yəni, dövlətin gördüyü işlərlə yanaşı hər bir vətəndaş da bu məsələdə fəal olmalıdır. Yoluxma sayının artmaması üçün tibbi maska istifadə etmək, sosial məsafəni gözləmək, gigiyena qaydalarına əməl etmək vacibdir. Bir sözlə, hər kəs həm qaydalara riayət, həm də vaksinasiyada fəal iştirak edərək pandemiyanın aradan qalxmasına, öz töhfəsini verə bilər. Pandemiyaya qarşı mübarizədə də birlik və həmrəylik nümayiş etdirməliyik.

Eldar Hacıyev Cəlilabad MDM-in direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir