• Şb. Noy 2nd, 2024

SÜLHÜN VƏ TƏRƏFDAŞLIĞIN KEŞİYİNDƏ

ByYenigun.news

May 25, 2021

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələrdə əsas mövzularından biri Beynəlxalq münasibətlərlə bağlı oldu. Prezident bildirdi ki, Türkiyə ilə Azərbaycan arasında mövcud olan yüksək səviyyəli əlaqələr, dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə əsaslanır. Hər iki ölkənin eyni dinə, dilə, oxşar mədəniyyətə və digər adət-ənənələrə malik olması ölkələrimiz arasında əlaqələri daim möhkəmləndirib və ən yüksək səviyyəyə çıxarıb. Bu gün heç də təəccüblü deyil ki, Türkiyə ilk günlərdən Azərbaycanın haqq işinə dəstək vermişdir. Qardaş ölkənin lideri Rəcəb Tayib Ərdoğan 44 günlük müharibənin ilk günlərindən açıqlamalar verib ki, Azərbaycan savaş meydanında tək deyildir, Türkiyə Azərbaycanın yanındadır. Bu mesajın mənası o idi ki, Azərbaycanın apardığı siyasətə, cəbhə bölgəsindəki əməliyyatların keçirilməsinə maneçilik törətməsinlər. Prezident qeyd edib ki, 10 noyabr üçtərəfli Bəyanatının imzalanması dünyaya Azərbaycanın hərbi və siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təqdimatıdır. Bəyanatın imzalanmasından ötən müddətdə razılaşmanın bütün müddəaları icra olunmaqdadır. Sülhməramlıların yerləşdirilməsi, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması, 9-cu bəndə uyğun olaraq tərəflər arasında iqtisadi əlaqələrin qurulması, yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində addımların atılması və sair mühüm məsələlər sırasındandır.
Prezident İlham Əliyev mətbuat konfransında sülhməramlıların fəaliyyəti, onların mandatı, gördükləri və qarşıdakı beş ildə görəcəkləri işlərlə bağlı məqamları konkret fikirlərlə ifadə edərək hazırda sual doğuran məsələləri də cavablandırdı. O dedi ki, Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətə başlaması çox önəmli addımdır, bu mərkəz bir müddət çox önəmli bir alət olaraq qalacaqdır. Hazırda monitorinq mərkəzi fəaliyyət göstərir, bunun əsas məqsədi post-müharibə dövründə nəzarət etmək, pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinq aparmaqdır ki, bu münaqişə zonasında hər hansı bir qarşıdurma olmasın. Əcnəbi hərbçilərin regionda müşahidəçi olaraq qalması məsələsinə münasibət bildirən Prezident həmçinin bildirdi ki, onların Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır.
Bütün bu reallıqlar dünyanın gözü qarşısında cərəyan etdiyi halda Ermənistan bu gün də Azərbaycana qarşı əks-təbliğat kampaniyası aparır, uydurmalar yayır, Azərbaycanın sanki Ermənistanı və Qarabağı işğal edən formada təqdimatını aparır, ona dəstək verən, daim ermənipərəst mövqeyi ilə diqqət mərkəzində olan Fransa «ürəkağrısı» ilə ona kömək edəcəyini, qondarma «Dağlıq Qarabağ Respublikası»nın müstəqilliyini tanımaqla tarixi də siləcəyinə özündə bir əminlik yaratmağa çalışır. Görünür, Fransa maraqlarına o qədər aludə olub ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın dünyaya keçdiyi tarix, hüquq və milli qürur dərslərini unudub. Ermənilər illərdir torpaqlarımızı nə qədər erməniləşdirməyə çalışsalar da, bunun mümkünsüzlüyünün 44 gündə aldıqları dərs əsasında bir daha şahidi oldular. Sübut olundu ki, erməni cəmiyyətinin dəmir pərdəni dağıtmağa ehtiyacı var. Onlar dəmir pərdə arxasında yaşayır və zəhərli ideyaların təsiri altındadırlar. Azərbaycan bu işdə onlara kömək etməyə hazırdır.

 Azərbaycan-İsrail münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Biz fəal ticarət tərəfdaşlarıyıq və ticarətin həcmi artmaqdadır. Əməkdaşlığımızın vacib sahələrindən biri turizmdir. Pandemiyadan əvvəl Azərbaycan ilə İsrail arasında müntəzəm gündəlik uçuşlar həyata keçirilirdi, qarşılıqlı səfərlər mövcud idi. Çünki İsraildə böyük yəhudi-azərbaycanlı icması var, Azərbaycanda isə regionun ən çoxsaylı fəal yəhudi icması mövcuddur. Azərbaycanın yəhudi icması Azərbaycan-İsrail ikitərəfli münasibətlərində çox önəmli rol oynayır. Azərbaycanın fəal yəhudi vətəndaşları iki ölkə arasında daha sıx münasibətlərin olması üçün böyük işlər görürlər. Əməkdaşlığımızın vacib sahələrindən biri də müdafiə sənayesidir. Bu əməkdaşlıq uzun illərdir davam edir.


  Mətbuat konfransında dövlətimizin başçısına ünvanlanan suallar onu göstərdi ki, bir çox qlobal məsələlərlə bağlı Azərbaycanın sözünə qulaq asmaq, ölkəmizin proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın coğrafiyası genişlənib. Bu, onunla əlaqədardır ki, artıq regionda yeni reallıq yaranıb. Bu gün dünya ictimaiyyətinin də əsas diqqəti bu reallığın dərkinə yönəlib.

Hafiz Kərimov, Cəlilabad rayon Alar kənd sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir