• Be. Dek 9th, 2024

ŞUŞA BƏYANNAMƏSİ BÖYÜK ZƏFƏRİN DAVAMIDIR

ByYenigun.news

İyn 17, 2021

2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə dövlətimizin gücünü nəinki düşmənə, həm də bütün dünyaya göstərdi. Böyük Zəfərimiz ordumuzun yenilməzliyini, xalqımızın əzmkarlığını, xalq, ordu və iqtidar arasındakı monolit birliyi bir daha sübut etdi. Əslində, bu Zəfər Ali Baş Komandanımızın Azərbaycan xalqının işğalla heç vaxt barışmayacağı və güzəştə getməyəcəyi ilə bağlı beynəlxalq ictimaiyyətə və təşkilatlara ünvanladığı bəyanatın təzahürü idi. Hər anı əfsanəvi qəhrəmanlıqlarla dolu bu müharibə dünya tarixinin, XXI əsr hərb elminin şəhidlərimizin qanı ilə yazılmış yeni səhifələri oldu. Tarixi ədaləti bərpa etmiş Azərbaycan xalqı. düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi.

  Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması Böyük Zəfərin davamıdır. Bu Bəyannamə münasibətilə Azərbaycan və Türkiyə başda olmaqla, bütün türk xalqlarını, türk dünyasını, bölgədə sülh və sabitlik tərəfdarı olan hər bir tərəfi təbrik edirəm. Şuşa Bəyannaməsi ümumilikdə sülh, sabitlik, inkişaf və tərəqqi deməkdir.

.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbə bütün dünyaya vətən sevgisi və torpaq məhəbbətinin tərənnümü mesajı olub. Artıq işğal geridə qalıb. İndi qurub-yaratmaq dövrüdür. Azərbaycan və Türkiyə bu missiyanı da çiyin-çiyinə yerinə yetirəcəklər.

  Azərbaycan-Türkiyə münasibətlərinin bu şəkildə inkişafı dostlarımızı sevindirir, ölkəmizin güclənməsini, rifahını və təhlükəsizliyini istəməyənləri isə məyus edir. İşğaldan azad olunmuş ərazilərin bərpası prosesi sürətlə həyata keçirilir. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Tərəfdaşlığın əhəmiyyətini və ölkələrin qüdrətini artıran hərbi sənaye sahəsindəki əməkdaşlıq genişlənir. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir. Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti Milli Ordumuz haqqında danışarkən Azərbaycanda Türkiyə Ordusunun kiçik modelini yaratmaq barədə öz fikirlərini səsləndirmişdi. Türkiyə Ordusu isə dünyanın ən döyüş qabiliyyətli və modern ordularından biridir. İmzalanan Şuşa Bəyannaməsi həm də bu istiqamətdə real addımların atılmasını təmin edəcək. Bu sənəd Cənubi Zəngəzur dəhlizinin açılması ilə əlaqədar olaraq müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bütün bunlarla yanaşı media, diaspor, xarici siyasətdə birgə hərəkətetmə, təhsil, iqtisadiyyat, müasir texnologiyalar, birgə investisiya planları və s. sahələrdə də əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutulur ki, bu da iki qardaş ölkə arasında tərəfdaşlığın inkişafı üçün yeni üfüqlər açmaqla, həm də regional əməkdaşlığı və qarşılıqlı inteqrasiyanı təşviq edir.

   Dünyaya səs salacaq Şuşa Bəyannaməsi əsasında  bu reallığa da diqqət yönəldib ki, bugünədək iki ölkə arasında 250-dən çox sənəd imzalanıb. Bu sənədlər  müxtəlif sahələri əhatə edir. İki qardaş ölkənin siyasi iradəsi və qətiyyəti sayəsində  Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, çoxtərəfli əməkdaşlığın  nümunəsi olan  Cənub Qaz Dəhlizi, onun əsas seqmentləri olan TANAP və TAP layihələrinin reallığa çevrilməsi  təkcə iki ölkə  deyil, bütün bölgə və dünya  üçün əhəmiyyətlidir. Qarşıdakı illərdə bu birliyin nəticəsində  reallığa çevriləcək enerji və nəqliyyat layihələri daha geniş coğrafiyanı əhatə edərək, ölkələr, xalqlar arasında dostluq körpüsünün möhkəmlənməsinə böyük töhfələr verəcək.

Elmira Abbasova, Göytəpə şəhər sakini, əməkdar müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir