• Ça. İyn 25th, 2024

SUVEREN HÜQUQLARIMIZIN KEŞİYİNDƏ

Byyenigun

Dek 18, 2021

Artıq bütün mütərəqqi beynəlxalq ictimaiyyət bilir ki, 30 il ərzində torpaqlarımızın işğal altında olması böyük ədalətsizlik idi. Torpaqlarımızın işğalı beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Təəssüflər olsun ki, 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə olmadı. Nəticə sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi. Çünki 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli, bu məsələnin dondurulması prosesi gedirdi. Təbii ki, Azərbaycan heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildi.
Azərbaycan XXI əsrin müharibəsini apardı və bu, beynəlxalq hərbi mütəxəssislərin ümumi dəyərləndirməsidir. Effektivliyin səbəbi təkcə dronlarda deyil, çox dəqiq kəşfiyyat işləri aparılmışdır. Türkiyə və İsraildən olan dronlar inteqrasiya olunmuşdu. Kəşfiyyat dronları, kamikadze dronları və qırıcı dronlar effektiv şəkildə Ordumuz tərəfindən istifadə olunmuşdur. Azərbaycan Ordusu İsrailin hava hücumundan müdafiə sistemi və Rusiyanın hava hücumundan müdafiə sisteminə (S300) malikdir. Eyni zamanda Azərbaycan Ordusunda “BUK” tipli hava hücumundan müdafiə sistemi var. Azərbaycan 30-dan çox ölkəyə öz hərbi məhsullarını ixrac edir. Eyni zamanda, ölkəmizin hərbi təcrübəsinə maraq və bu təcrübəni öyrənmək istəyən ölkələrin sayı artıb. Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır. Ermənistan rəhbərliyindən heç bir cavab verilməyib. Bu, onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir.
Heç şübhəsiz, Qafqazda bərqərar olacaq sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək. Bu Zəfərlə Qarabağın hər yerinə sabitlik, əmin-amanlıq və ümid hakim olub. Xalqın sevincini görmək böyük xoşbəxtlikdir. 30 il Vətən həsrəti ilə yaşamış insanlar tezliklə öz yurdlarına, öz torpağına qayıtmaq istəyirlər. Bütün Azərbaycan xalqında inam var idi ki, biz bunu edəcəyik.
Beləliklə, Prezidentin La Pais qəzetinə müsahibəsində bəyan etdiyi kimi, ikili standartlar beynəlxalq ədalətsizlikdir. Biz bunu daim diqqət mərkəzində saxlamalı, möhtərəm Prezidentimizin, qalib Ali Baş Komandanımızın bu sahədə qaldırdığı təşəbbüsıləri hər zaman dəstəkləməliyik. Azərbaycan dövlətinin bu uğurlu mövqeyinin bazasında müstəqil dövlət statusunda bərabərhüquqlu tərəfdaşlıq üzərində qurduğu qarşılıqlı faydalı əməkdaşlıq xətti tutur. Təcrübə sübut edir ki, Azərbaycan Prezidentinin tutduğu mövqe perspektivli, reallığa uyğun və ən əsası isə səmərəlidir.
Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur. Azərbaycanın mövqeyi tamamilə açıq və aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Azərbaycan müharibədə qalib gəlib və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Beynəlxalq oyunçular artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən çəkinməli, Azərbaycana qarşı ərazi iddialarından çəkinməlidir. Başlıcası isə budur ki, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır.
Ziya İsmayılov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir