• Şb. İyl 13th, 2024

Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin sarsılmaz təməlini qoydu

ByVuqar Ferzeliyev

Sen 1, 2023

Ulu Öndər Heydər Əliyevin ideyaları müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilib. Müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz onun rəhbərliyi ilə müəyyənləşdirilib. Belə ki, 1993-cü ilin iyunundan dövlətimizin idarəçilik sükanının arxasına keçən Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Əgər həmin məqamda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, kim bilir, dövlətimizi, xalqımızı daha hansı faciələr gözləyirdi!? Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu.

Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik inkişaf reallaşdı. Məhz Heydər Əliyev öz dühası ilə Azərbaycan tarixinin bu yeni mərhələsində cəmiyyəti səfərbər edərək müstəqil siyasi, iqtisadi və sosial-mədəni kursun gerçəkləşməsinə nail oldu. İlk növbədə, ölkədə separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər hazırlayan cinayətkar dəstələr cəmiyyətdən təcrid edildi. Ölkənin nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı tədbirlər həyata keçirildi.

Ölkəmizin müasir dönəmdə hərtərəfli inkişafı Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə qayıdışı, Azərbaycanın Prezidenti seçilməsi ilə başladı. Ulu öndər Heydər Əliyev Prezident seçilərkən xalq və dövlət qarşısında Konstitusiyaya və Qurani-Kərimə içdiyi anda sadiq qalaraq, biliyini, təcrübəsini, qüvvəsini Azərbaycan xalqının, Azərbaycan Respublikasının rifahına həsr etdi.
Prezident vəzifəsini ali məqsədlər, amallar naminə yerinə yetirdi. Azərbaycan Respublikasının tam müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü təmin etmək üçün əlindən gələni əsirgəmədi.

Heydər Əliyevin dövlətçilik konsepsiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dərin məzmunlu və çoxşaxəli siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin qətiyyəti sayəsində regionda cərəyan edən proseslərlə bağlı ölkə başçısının müdrik siyasi baxışları Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycan yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınır. Azərbaycan Prezidentinin həyata keçirdiyi məqsədyönlu siyasət, qazanılan bütün uğurlar əminliklə söyləməyə əsas verir ki, ölkəmizin dövlət müstəqilliyi bir də heç vaxt əldən verilməyəcək, əbədi olacaqdır.

Əlizamin Əzizov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Sərhədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir