• Ç. Apr 24th, 2024

ULU ÖNDƏRİN İRSİ TƏDQİQ OLUNMALI VƏ ÖYRƏNİLMƏLİDİR

ByYenigun.news

May 18, 2021

Hörmətli Prezidentimiz, Ali Baş Komandan bu il may ayının 10-da Naxçıvana etdiyi səfər zamanı verdiyi açıqlamalarda xüsusi olaraq qeyd etmişdir ki, bu gün bütün istiqamətlər üzrə əldə olunan uğurların təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur- Ulu Öndər Heydər Əliyevin irsi tədqiq olunmalıdır. Dahi şəxsiyyət nəinki Azərbaycan hüdudları çərçivəsində, dünya miqyasında böyük hörmət qazanmış və müstəsna xidmətləri olmuş xadimdir. O, həyatda nə əldə edibsə öz biliyi, bacarığı, zəkası və fədakarlığı nəticəsində əldə edib və bütün dövrlərdə xalqımıza ləyaqətlə xidmət edib. Məhz onun rəhbərliyi ilə Azərbaycan 1970-ci illərdə ayağa qalxdı, ən geridə qalmış müttəfiq sovet respublikasından ən qabaqcıl respublikaya ucaldı. Onun rəhbərliyi ilə Naxçıvanda naxçıvanlılar erməni işğalının qabağını ala bildilər. Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsi ilə əlaqəni itirmişdi. Ermənilər Naxçıvanı blokadaya almışdılar. Üç tərəfdən Naxçıvan Ermənistanla əhatə olunur. Belə bir vəziyyətdə Naxçıvanı qorumaq, müdafiə etmək və düşməni yerinə oturtmaq Ulu Öndərin müstəsna xidmətlərindən biridir. 1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Ulu Öndərin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Biz yaxşı bilirik ki, bütün şüurlu həyatını ölkəmizin çiçəklənməsinə həsr etmiş Heydər Əliyevin müqəddəs ideyaları artıq neçə illərdir ki, uğurla həyata keçirilir. Bu illər ərzində iqtisadiyyatın inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, şəhər və kəndlərin abadlaşdırılması və müasirləşdirilməsi sahələrində elə nailiyyətlər qazanılmışdır ki, bunları əvvəlki illərdə müşahidə etməmişdik. İndi razılıqla qeyd etmək olar ki, Heydər Əliyevin qurduğu təməl üzərində yeni-yeni tədbirlər həyata keçirilir, müstəqilliyimizin qorunmasına çox mühüm önəm verilir. Respublikamız ən çətin məqamlarda – 1993-cü ildə özünün xilas yolunu müdrik rəhbərimizin dərin zəkası, uzaqgörənliyi sayəsində tapdı, onun göstərdiyi yolla gedərək ən qorxunc siyasi və iqtisadi böhranların məngənəsindən qurtardı. Müstəqilliyimizin ilk illərində səriştəsiz rəhbərlər, şəxsi mənafeyini güdən dırnaqarası xadimlər böyük zəhmət bahasına yaradılmış bu təmələ ağır zərbə vurdular, ancaq onu yıxa bilmədilər. Prezident Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan həmin müdhiş bəlalardan xilas oldu, ölkəmizin müstəqilliyi, əmin-amanlıq və sabitlik qorunub saxlanıldı, ölkəmizin daxili və xarici siyasəti, haqq işi dünya miqyasında müdafiə edildi. Dövlətimizin həyata keçirtdiyi tədbirlər sayəsində biz beynəlxalq təcriddən çıxmışıq, nizami ordumuz vardır, beynəlxalq miqyasda əməkdaşlığımız gündən-günə genişlənir, dövlətin milli maraqları qorunmaqdadır. Bütün respublikada camaatın sosial həyat səviyyəsi getdikcə yüksəlir, yeni iş yerləri yaradılır, əməkhaqları və pensiyalar müntəzəm olaraq çoxalır. Əlillərə, ahıllara, şəhild ailələrinə verilən sosial yardımlar artır, aztəminatlı ailələrə müavinətlərin verilməsi sistematik hal alır. Bütün bunların nəticəsində əhalinin xoşbəxt gələcəyə, işıqlı sabaha inamı artır, müstəqilliyimizin dayaqları möhkəmlənir, gələcək nəsillərin firavan həyatı üçün etibarlı təminat yaranır. Budur inkişafımızın parlaq sübutu!Heydər Əliyev sözün müstəqim mənasında xalqımızı bəlalardan qurtardı, inkişafımızın yolunda yeni bir mərhələni bina etdi. Bu tarixi gerçəkliyi bütün dünya qəbul edir və bu həqiqət xalqını, millətini məmləkətini sevən hər bir azərbaycanlının qəlbində tükənməz qürur hiss doğurur və gələcək nəsillərimiz də daim bu duyğu ilə yaşayacaqdır. Hazırda müstəqil dövlətimizin çiçəklənməsi və möhkəmləndirilməsi real prosesə çevrilmişdir, dövlətçilik ənənələrinin zənginləşdirilməsi uğurla davam etdirilir, xalqımızın nailiyyətləri bütün dünyanın gözü qarşısındadır. Dünya və Avropa birliyində nüfuzu getdikcə artan, planetin üzərində yaşayan xalqların ailəsində siyasi və iqtisadi imicini daim möhkəmləndirən respublikamız bu gün Cənubi Qafqazın ən stabil, siyasi cəhətdən sabit, iqtisadiyyatca güclü ölkəsidir. Beləliklə, Heydər Əliyevin siyasi hakimiyyəi ölkəmizin tarixində möhtəşəm hadisədir, bizlərə və gələcək nəsillərə inkişaf üçün sarsılmaz bir təməl olmuşdur. İndi respublikmızın hər sahədə qazandığı uğurlara görə birinci növbədə Heydər Əliyev dühasına minnətdarıq. O, doğma xalqın milli şüurunu dirçəldərək, onda gələcəyə tükənməz ümidlərlə baxmaq vərdişi yaratdı. Məhz həmin keyfiyyətlər demokratik, hüquqi, dünyəvi dövlətin bərqərar olmasında və inkişafında mühüm rol oynadı. Məhz bugünkü Zəfərin təməli, bax, o vaxt qoyulmuşdu.

Aydın Hüseynov, Cəlilabad şəhər sakini, ziyalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir