• Ca. Okt 3rd, 2024

Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir

ByVuqar Ferzeliyev

Sen 2, 2024

Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Heydər Əliyevin dövlət və xalq qarşısındakı xidmətləri barədə söz açarkən hər kəsin çox düzgün olaraq toxunduğu tarixi məqamlardan biri ondan ibarətdir ki, Ulu Öndərin 1990-cı ilin iyul ayında Naxçıvana gəlişi Azərbaycanda baş qaldırmaqda olan müstəqillik mücadiləsinin daha da genişlənməsinə və bu istiqamətdə konkret addımların atılmasına səbəb oldu. 

Heydər Əliyevin Naxçıvana gəlişi həm də Azərbaycanın müstəqil dövlətçiliyinin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. İlk dəfə olaraq məhz Ulu Öndərin qətiyyəti və prinsipiallığı sayəsində müstəqil respublikamızın üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının rəsmi dövlət bayrağı kimi qəbul edilməsi, eyni zamanda 31 Dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmiləşdirilməsi bu qədim diyarın dövlət müstəqilliyimizə ən layiqli töhfələridir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Həmçinin muxtar respublikanın adından “Sovet”, “Sosialist” sözləri çıxarıldı ki, bu da o dövrdə böyük cəsarət tələb edirdi. Bütün bunlar yalnız və yalnız Naxçıvan MR Ali Məclisinin sessiyasına sədrlik edən Heydər Əliyevin böyük siyasi iradəsinin, dönməz azərbaycançılıq idealının, qeyri-adi cəsarətinin və uzaqgörənliyinin sayəsində həyata keçirilmişdi. SSRİ adlanan dövlətin bütün müttəfiq qurumlarında demokratik islahatlar adı altında dağılma prosesi getsə də, o dövrə qədər sovetlər ittifaqının heç bir respublikasında Naxçıvanda atılan addımlara bənzər və ya yaxın bir hadisə baş verməmişdi.

1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsi böyük hadisə oldu. Görkəmli dövlət xadiminin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləməsi sayəsində muxtar respublika erməni işğalından xilas edildi, burada müstəqil dövlətçilik üçün zəruri olan mühüm islahatlar qətiyyətlə həyata keçirildi. Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevin rəhbərliyi ilə təsərrüfat idarəetmə strukturları olan kolxoz və sovxozların ləğv edilməsi, torpaq islahatlarının həyata keçirilməsi, Türkiyə ilə sərhəddə Araz çayı üzərində “Ümid körpüsü”nün salınması, gənclərin Türkiyə Cümhuriyyətinin universitetlərində təhsil almaq üçün göndərilməsi və sair  mühüm tədbirlər nəinki muxtar respublikada, ümumən Azərbaycan miqyasında yeni siyasi-iqtisadi və mədəni mühitin formalaşdırılması və inkişaf etdirilməsi baxımından əhəmiyyətli hadisələrə çevrildi.

Bir sözlə, siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Ona görə Azərbaycan ictimaiyyəti haqlı olaraq müstəqilliyimizin ilk illərində ölkədə yaranmış çətin vəziyyətdən çıxış yolunu Ulu Öndərin siyasi hakimiyyətə qayıdışında görürdü. Respublikamızın bütün bölgələrindən Heydər Əliyevə ünvanlanan məktublar, 1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının yaranması da Ulu Öndərə olan böyük inam və etimaddan irəli gəlirdi. Beləliklə, Ulu Öndərin Naxçıvandan başlatdığı missiya tezliklə bütün respublikamızın xilasına xidmət etməyə başladı və Azərbaycanın dövlət müstəqilliyini qorudu və əbədi etdi.

Rəis Abdullayev

Salyan rayonu,YAP veteranı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir