• Şb. Apr 20th, 2024

XƏSTƏLİYƏ YOX DEYƏK, YENİ YOLUXMALARA YOL VERMƏYƏK

ByYenigun.news

İyn 23, 2021

Xeyli vaxtdır ki, COVID-19 pandemiyası dünyanın hər yerində, o cümlədən ölkəmizdə də tüğyan edərək həyatımızı çətinləşdirib, xeyli sayda insanın xəstələnməsinə və itkilərə səbəb olub. Pandemiyanın ilk günündən dövlətimiz bu infeksiyaya qarşı bütün resurslarını səfərbər edərək mübarizə aparır. Təəssüflə qeyd etmək istərdik ki, virusa qarşı hələki effektiv bir dərman vasitəsi icad olunmayıb. Belə bir durumda pandemiya ilə mübarizənin ən önəmli yolu onun profilaktikasıdır. İlk aylarda bunlar yalnız müxtəlif gigiyenik qaydalara və karantin tədbirlərinə əməl olunması ilə məhdudlaşırdısa, artıq insanların xilası üçün daha effektiv və etibarlı vasitə olan vaksinlər tətbiq olunur.

   Dünyanın bir çox ölkələri fəal şəkildə əhalini koronavirus infeksiyasına qarşı vaksin edir və Azərbaycan da COVID-19 əleyhinə vaksinasiyanın tam sürətlə davam etdiyi ölkələr arasındadır. Rəqəmlər bir daha Azərbaycanın əhalinin peyvəndlənmə prosesinə kifayət qədər ciddi yanaşdığını sübut edir.

     İndiyədək yeni koronavirus infeksiyasına qarşı müxtəlif vaksinlər hazırlanıb. Bəzilərinin hazırlanma metodları elmi tərəqqinin ən son nailiyyətlərinə əsaslanır. Artıq əminliklə deyə bilərik ki, hazırlanmış və tətbiqinə icazə verilmiş bütün vaksinlərin yetərli effektivliyi və təhlükəsizliyi aparılmış çoxsaylı elmi araşdırmalarla sübut olunub. Tətbiq olunan vaksinin müsbət xüsusiyyətləri bu sahənin əksər aparıcı alim və mütəxəssisləri tərəfindən nəzərə alınaraq dəstəklənib və müvafiq dövlət qurumlarına tövsiyə edilib. Nazirlər Kabineti tərəfindən qəbul olunmuş “Vaksinasiya Strategiyasına” əsasən artıq xeyli vətəndaşımız peyvənd olunub və vaksinasiya prosesi bu gün də davam edir.

  Bir daha qeyd etmək gərəkdir ki, vaksin olunmaqla maddi duruma vurulan ziyanın qarşısı alın bilər. Yaxşı bilirik ki, COVID-19 səbəbindən bir çox istehsal və xidmət sahələrində böyük iqtisadi itkilər yaşandı və dünyada milyonlarla insan iş yerini itirdi. Deməli, iqtisadi itkilərin bərpa olunması üçün vaksinasiya yeganə yoldur. Vaksinasiya ilə mədəni həyat canlanacaq (konsertlər, kino, teatr, sərgilər və s.) insanların gündəlik həyatında sosial aktivlik artacaq. Bir sözlə, peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Vaksinasiya ilə səhiyyəyə düşən yük azalacaq. Həkimlər öz gücünü və səylərini digər xəstəliklərin müalicəsinə yönəldə biləcəklər. Nəticədə səhiyyə xidmətlərinin keyfiyyəti artmış olacaq. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarından ən effektli və iqtisadi cəhətdən ən əlverişlisi vaksinasiyadır.
 Vaksinasiyanın hazırkı dövrdə məqsədi də yoluxma hallarını əhəmiyyətli azalmasına nail olmaqla infeksiyanı nəzarət olunan həddə saxlamaq, ölüm hallarını minimuma endirməkdir. Lakin bu məqsədə yalnız əhalinin əksəriyyəti peyvənd olunduqda çatmaq mümkündür. Vurğulamaq istərdik ki, dünyada vaksin qıtlığının olması səbəbindən lazımi sayda preparatın ölkəyə birincilər sırasında gətirilməsini təmin etmək dövlətimizin nailiyyətidir.

  Artıq hər gün vaksin olunmaq üçün yüzlərlə insan könülü olaraq müvafiq məntəqələrə  müraciət edir. Bu o deməkdir ki, yaxın gələcəkdə bu qədər insan infeksiyaya yoluxmayacaq və hətta az sayda yoluxmalar olsa belə onlar arasında ölüm halları baş verməyəcək. Ümid edirəm ki, tezliklə peyvəndləmənin müsbət effektini hər birimiz öz həyatımızda hiss edəcəyik.

   Sağlam və firavan gələcək öz əlimizdədir. Əhalidə kütləvi immunitet xəstəliyə yoluxub sağalanlar və vaksin etdirənlər hesabına yaranır. Yalnız ölkə əhalisinin 70-80%-dən çoxunda kütləvi immunitetin yaranması epidemioloji sabitlik yarada bilər. Azərbaycan xalqı pandemiya ilə mübarizədə də, Vətən müharibəsində də “Biz birlikdə güclüyük!” düşüncəsi ilə qalib oldu. Vaksinasiya prosesində də bu belə olacaqdır. Vaksinasiya kompaniyasında könüllü iştirak edək, bu infeksiyaya qalib gələk və normal həyatımıza qayıdaq.

Malik Əliyev, Xanəgah kənd sakini, həkim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir