• Bz. Okt 13th, 2024

XALQLARIN GƏLƏCƏK XOŞBƏXT HƏYATI NAMİNƏ ƏMƏKDAŞLIQ

ByYenigun.news

May 28, 2021

Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Müsəlman Şərqində ilk parlament respublikası xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılmasına nail olmuşdu. 103 il əvvəl, mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) xalqımızın tarixində mühüm bir hadisə idi. Çünki əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz müstəqil dövlətinə sahib olmuşdu.

  Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırmışdı. Bu, eyni zamanda, İslam dünyası üçün də mühüm hadisə hesab olunurdu. Çünki müsəlman Şərqində ilk dəfə olaraq müstəqil demokratik respublika yaranmışdı. Ulu öndər bu tarixi hadisənin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdı: "Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi".

   Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirmişdir. Azərbaycan Prezidentinin 16 may 2017-ci il tarixli "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncamı bir daha təsdiqlədi ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

  28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidentinə ünvanlanan məktublarda yer alan fikirlər bir daha ölkəmizin müasir beynəlxalq münasibətlər sistemindəki mühüm rolundan xəbər verir. ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidentinə göndərdiyi məktubda təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində Azərbaycanla birgə səylərin, ötən il Cənub Qaz Dəhlizinin işə salınması, bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənilməsinə dair Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələrin vurğulanması olduqca mühüm məqamlardır. ABŞ Prezidentinin Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyi yüksək qiymətləndirməsi isə bir daha ölkəmizin regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verməsinin ifadəsidir. Təbii ki, bütün bunlar Azərbaycan dövlətinin əldə etdiyi uğurlardır. Yəni Azərbaycan bu gün regionda yeni siyasi-iqtisadi reallıqlar yaratmaqla beynəlxalq münasibətlər sistemində yerini daha da möhkəmləndirib.
  Fikrimizcə, dünya dövlətlərinin liderlərinin 28 May - Respublika Günü münasibətilə dövlətimizin başçısına ünvanladıqları məktublarda Azərbaycanın qlobal pandemiyaya qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsinə yönələn təşəbbüslərinin yüksək dəyərləndirilməsi də bu uğurlu fəaliyyətə əsaslanır. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin öz məktubunda “bizi, həmçinin dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə birgə səylərimiz birləşdirir” kimi fikir işlətməsi, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda COVID-19 pandemiyasına qarşı birgə mübarizədə əldə olunan nəzərəçarpacaq nəticələrdən bəhs etməsi bunun bariz sübutudur. İran İslam Respublikasının Prezidenti Həsən Ruhani öz məktubunda Prezident İlham Əliyevi təbrik edərək, müstəqilliyin ilk günlərindən ölkələrimizin iki səmimi qonşu kimi tarixi, mədəni və dini bağlara əsaslanaraq, yüksək səviyyəli qardaşlıq və mehriban qonşuluq münasibətləri nümayiş etdirdiyini vurğulayıb.
 Biz bu gün bir daha görürük ki,  Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb. Bu gün real olaraq Cənubi Qafqazın lideri statusunda çıxış edən Azərbaycan dövləti beynəlxalq miqyasda sülhün və təhlükəsizliyin təmini, terrorizmə qarşı mübarizə məsələlərində hər zaman əhəmiyyətli rol oynayıb. Bütün bunlar Azərbaycanın hər bir vətəndaşını sevindirməyə bilməz.

Əlizamin Quliyev, Cəlilabad rayonu, Qamışlıgöl kənd sakini, Əməkdar müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir