• Be. Okt 14th, 2024

ZƏNGƏZUR DƏHLİZİ STRATEJİ ƏHƏMİYYƏTƏ MALİKDİR

ByYenigun.news

May 17, 2021

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu yaxınlarda Naxçıvana etdiyi səfər zamanı görüşlərdə müzakirə olunan məsələlər regionun və burada yaşayan xalqların arasında əlaqələrin daha da güclənməsinə xidmət edir, əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti təzahürüdür. Prezident səfər zamanı verdiyi müsahibədə Zəngəzur probleminə də xüsusi yer ayırmışdır. Ölkəmizin lideri bəyan etmişdir ki, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar geosiyasi məsələlərə də təsirsiz ötüşmür. Yeni əməkdaşlıq və tərəfdaşlıq konfiqurasiyası müasir yanaşma və metodları tələb edir. Artıq Qarabağ probleminin həllindən sonra bütövlükdə Türk dünyasında inkişafın yeni mərhələsinə yüksəlmək üçün real şanslar yaranıb. Bu istiqamətdə diqqət yetirilən əsas məsələ regionda yeni nəqliyyat-kommunikasiya xəttinin yaradılmasıdır. Cənab İlham Əliyev qeyd edib ki, müharibə artıq başa çatıb, münaqişə tarixdə qalıb, yeni imkanlar yaranıb. İndi region dövlətləri üçün ən vacib imkan nəqliyyat imkanlarıdır. Prezident qeyd edib ki, .Zəngəzur dəhlizi həm ölkəmizin yerləşdiyi regionda, həm də bütövlükdə türk dünyasında yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. dəhlizin açılışı məsələsi strateji əhəmiyyət daşıyır. Ən vacib məqamlardan biri yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə muxtar respublika arasında birbaşa quru əlaqəsinin yaranmasıdır. Təbii ki, bu, sosial-iqtisadi cəhətdən çox önəmlidir. Yeni infrastrukturun yaranması Azərbaycanın tranzit əhəmiyyətinin artması, iqtisadi inkişafının sürətlənməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, bu proses uzun müddət blokada vəziyyətindən əziyyət çəkən Naxçıvan Muxtar Respublikasının inkişafı üçün yeni imkanlar yaradır. Təbii ki, Orta Asiya ilə Avropanı birləşdirən bu infrastruktur layihəsi digər region ölkələri üçün də iqtisadi fayda əldə etmək üçün perspektivlidir. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir və bu dəhliz mütləq açılacaqdır. Horadiz-Ağbənd dəmir yolunun təməl daşı artıq qoyulub. Ordubaddan Ermənistan sərhədinə qədər çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Məlumdur ki, Zəngəzurun vaxtilə Azərbaycandan alınması və Ermənistana birləşdirilməsində məqsəd həm də türk dünyasında qarşılıqlı münasibətlərin inkişafına mane olmaq idi. Çünki bu addım coğrafi ayrılmaya səbəb olurdu. Amma qədim Azərbaycan torpağı olan Zəngəzur yeni şəraitdə türk dünyasında birləşdirici rol oynayacaq. Bu ərazidən keçən nəqliyyat xətti türkdilli dövlətlərin əməkdaşlıq imkanlarını genişləndirəcək. Yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanları isə bölgədə çoxşaxəli münasibətlərin inkişafına xidmət göstərir və böyük iqtisadi-ticari qazanc vəd edir. Məhz bu baxımdan möhtərəm Prezidentimizin uzaqgörən, dərindən düşünülmüş ideyalarını alqılayırıq. İnanırıq ki, qalib Azərbaycanın yaratdığı əməkdaşlıq imkanlarından bütün region faydalanacaq. Tərəfdaş ölkələrin bu imkanlardan istifadə etməsi isə ölkəmizin çoxşaxəli münasibətlərinin inkişafına töhfə olacaq. Xalqımız, gələcək nəsillər cənab İlham Əliyevin üçün göstərdiyi qayğı və diqqəti daim qiymətləndirəcəklər.

İsmayılova Elnarə, ADPU Cəlilabad Rayon filialı Pedaqoji fakultənin Tyutoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir