Azərbaycanla Avropa İttifaqı əməkdaşlığının böyük tarixi var. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı prioritet vəzifə kimi qarşıya qoydu. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən ölkəmiz strateji mövqeyini möhkəmləndirmək üçün Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməyə böyük üstünlük verdi. Bu əməkdaşlıq ölkəmizin starteji mövqeyinin möhkəmləndirilməsi baxımından çox zəruri idi. Avropa İttifaqı tərəfindən irəli sürülmüş Vahid Avropa Birliyi formulu Azərbaycan üçün çox önəmli idi. Çünki bu modelin əsas məqsədi regiondakı dövlətlərlə nüfuzlu qurum arasında əməkdaşlığın ən müxtəlif istiqamətlərdə möhkəmləndirilməsinə yönəldilmişdi. Avropa İttifaqı kimi nüfuzlu qurumla 1993-cü ildə əsası qoyulmuş diplomatik münasibətlər son illərdə qarşılıqlı maraqlar əsasında daha da möhkəmləndirilmişdir.
Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə son səfəri bunu bir daha təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyevlə Ursula Fon der Lyayenlə görüşü Azərbaycan-Avropa İttifaqı münasibətlərinin geniş spektrini əhatə edib, o cümlədən siyasi dialoqdan məmnunluq ifadə olunub, ticarət əlaqələri, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri, həmçinin Cənubi Qafqazda əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Rəsmi Bakı Avropa İttifaqı ilə bir sıra hüquqi sazişlər imzalamaqla azad bazar iqtisadiyyatının tam bərqərar olması, insan hüquqlarına və milli azlıqların hüquqlarına riayət edilməsi məsələlərinə dair təşkilata nəzarət -- yoxlama səlahiyyətləri vermiş, əvəzində qurumdan ölkəmizə qarşı hər hansı diskriminasiya xarakterli qərarın qəbul olunmayacağına təminat almışdır. Avropanın aparıcı ölkələrini öz sıralarında birləşdirən Aİ ilə Azərbaycan arasında siyasi dialoq yüksək səviyyədədir.
Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir.
Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu mövcuddur. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlanıb.
Belə nəticə hasil olur ki, Ursula Fon der Lyayenin Azərbaycana səfəri tərəfdaşlığımızın göstərcisidir. Əməkdaşlıq çərçivəsində uzun illərdir müxtəlif sahələrdə birgə işlər görülür. Eyni zamanda, əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı əsaslar mövcuddur. Ursula Fon der Lyayenin səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, ölkəmizin gündəliyinə tam uyğundur. Düşünürük ki, dayanaqlı sülh naminə əməkdaşlıq. Avropa İttifaqı regional əməkdaşlıq səylərində iştirak etmək, həvəsləndirmək arzusundadır. Dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri genişlənməlidir.
Beləliklə, Azərbaycan Prezidentinin bu günlərdə gördüyü tədbirlər, eləcə də Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin 18 iyul tarixli birgə bəyanatının yekunu millətin varlığının, onun dövlət qurmaq bacarığının simvoludur. Görürük ki, bizim də dünya ailəsində sayılıb-seçilən dövlətimiz var. Söhbət əsrlər uzunu imperiyalar, dövlətlər quran, dünyaya mədəniyyətlər bəxş edən ləyaqətli, qürurlu bir millətin yaratdığı dövlətdən gedir.
Hafiz Cavadov, YAP RT sədr müavini