Bildiyimiz kimi, Prezident cənab İlham Əliyev cari ilin 4 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib. Dövlət başçısının açılış mərasimindəki çıxışı son 30 illik dövrdə görülən nəhəng işlərə, əldə olunan nailiyyətlərə, dövlətimizin dünyanın enerji xəritəsinin formalaşmasında oynadığı əhəmiyyətli rola qiymət verdiyinin bariz nümunəsidir. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə etməsi ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrasında özünün aydın ifadəsini tapır. 1993-cü ilin yarısından başlayaraq aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Prezident cənab İlham Əliyev çıxışında vurğuladı ki, “1993-cü ilin vətəndaş müharibəsi ölkəni uçuruma aparırdı. Azərbaycan çox riskli ölkə hesab olunurdu. Söhbət təkcə Birinci Qarabağ müharibəsi və işğaldan yox, həm də daxili münaqişələrdən gedir. Müstəqilliyin ilk illəri böyük bir enerji böhranı ilə müşayiət olundu. Həmin dövrdə yaşananlara iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji resurslarının qıtlığını əlavə etmək olar. Elektrik enerjisi və təbii qaz qıtlığı var idi. 1993-cü il dönüş nöqtəsi oldu. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı və İrimiqyaslı iqtisadi islahatlara, yeni demokratik Konstitusiyanın qəbul edilməsinə, senzuranın ləğvinə və enerji sektoruna investisiyaların cəlbinə şərait yaratdı. Birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ya ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər”.
Qeyd edim ki, 1994-cü ildə “Əsrin müqaviləsi” kimi tarixə düşmüş neft müqaviləsinin bağlanması ölkəyə investisiya axınlarını təmin etdi və bütövlükdə iqtisadiyyatın yeniləşməsini sürətləndirdi. Azərbaycan haqqında dünyada təsəvvürün belə olmadığı, respublikamız barədə mənfi rəy formalaşdığı dövrdə Ümummilli Lider Heydər Əliyev dünyanın 7 inkişaf etmiş qüdrətli dövlətini təmsil edən 11 neft şirkəti ilə “Əsrin müqaviləsi”ni imzalamağa müvəffəq oldu. Qürurla deyə bilirik ki,bu saziş Azərbaycanın qapılarını dünyanın üzünə açdı, yeni müqavilələr imzalandı. Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində olan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində apardığı genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə inamını doğrultmaqla, ölkəmizin dünya birliyinə açılan yoluna işıq saldı.
Bu gün Prezident cənab İlham Əliyev hər zaman neft və qaz müqavilələrinin investorları və operatorlarının davamlı dəstəklənməsinə diqqət yetirməsəydi, Azərbaycanda neft strategiyasının uğuru demək olar ki, mümkünsüz olacaqdı. Prezident İlham Əliyev bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycanın dünyanın ən yüksək templə inkişaf edən dövlətlər sırasına daxil olmasının əsasında məhz Ulu Öndərin dövlət idarəetmə sistemində və kadr sahəsində gördüyü tədbirlər durur. İndi Azərbaycan ərazi bütövlüyünü bərpa edib, dünyada söz və nüfuz sahibinə çevrilib və etibarlı tərəfdaş statusu qazanıb. Yaratdığı mükəmməl əməkdaşlıq və tərəfdaşlıq formatı ölkəmizə ən qlobal layihələri reallaşdırmağa imkan verir. Bütün bunlar isə məhz Heydər Əliyev siyasətinin təntənəsidir.
Vasif Hümmətov,
Salyan Regional Qaz İstismarı İdarəsinin rəis müavini