Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgiləriçərçivəsində keçirilən iclasda iştirak edib və burada dərin məzmunlu nitq söyləyib. Dövlətimizin başçısı deyib ki, son aylar ərzində biz bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalamışıq. Söhbət həm dənizdən, həm də qurudan gedir.
Eyni zamanda, Azərbaycan neft və təbii qazın təchizatçısıdır. İndi biz yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırırıq. Bunun təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı var. Xəzər dənizinin külək potensialı 157 qiqavatdır. Qurudakı potensial 27 qiqavatdır. Eyni zamanda Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da il yarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək.
Bərpaolunan enerji ilə bağlı şirkətlər Azərbaycana böyük maraq göstərirlər. İllər keçdikcə bu şirkətlərin sayı artacaq. Ötən ilin dekabr ayında Buxarest şəhərində yaşıl enerjiyə dair mühüm tədbir keçirildi. Azərbaycan, Gürcüstan Macarıstan, Rumıniya bir araya gəldi və Avropa Komissiyasının Prezidenti də həmin tədbirdə iştirak etdi. Orada yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalandı. Bu layihə daha çox ölkələr və şirkətlər cəlb edəcəkdir. Bu layihə çərçivəsində ən azı 4 qiqavat “yaşıl enerji”ni Avropaya nəql edə biləcəyik. Bu xəttin gücü 4 qiqavatdır. Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. “Masdar”la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. “FortescueFutureIndustries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq.
Azərbaycan bir çoxlarının iddia etdiyi kimi, yalnız neftdən asılı olan iqtisadiyyat yaratmayıb. İllərlə reallaşdırılan proqramlar imkan verir ki, neftin ucuzlaşması mərhələsində belə ölkədə gəlir gətirən özəl sektor fəaliyyət göstərsin. Bunun sayəsində Azərbaycan bu dəfə də çox az itki ilə yeni inkişaf səviyyəsinə yüksələ biləcək. Bizcə, Sərgilərin iştirakçıları üçün ən maraqlı olan məhz bu məqam olub. Prezident İlham Əliyevin nitqi ilə bağlı öz fikirlərini ifadə edənlərin söylədikləri belə bir nəticə çıxarmağa əsas verir.
Mahir Tarıverdiyev,
Cəlilabad rayonu, Abazallı kənd
tam orta məktəbin direktoru