Elektrik enerjisi olmadan heç bir ölkə inkişaf edə bilməz. Həm beynəlxalq maliyyə qurumları, həm böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar. Prezident İlham Əliyevin cari ilin 26 oktyabr tarixində 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışnda deyilir ki, Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır.
Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. 10 min kvadratkilometrdən çox olan azad edilmiş torpaqların bərpası ölkəmizin dayanıqlı inkişafını təmin edəcəkdir.
Təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Azərbaycan bu potensialdan daha çox istifadə etməyi planlaşdırır. Alternativ enerjidən istifadə həm də iqtisadi baxımdan bizə sərfəlidir. Çünki bu, elektrik enerjisi istehsalında qaza qənaət olunmasına şərait yaradacaq. Həmin qazı biz xaricə ixrac etməklə daha çox valyuta əldə edəcəyik”. Bu baxımdan sözügedən sahəyə qoyulan xarici sərmayələrin artması mühüm əhəmiyyət kəsb edir.
Son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var. Daha geniş regionun enerji təhlükəsizliyinə əlavə bir töhfədir. Əsas daşıma infrastrukturu, Xəzər dənizindəki yataqlardan Avropaya qədər uzanan 3500 kilometrlik qaz boru kəməri vaxtında istismara verilib. Prezidentimiz deyib ki, qısa müddət ərzində görülmüş işlər Azərbaycanın iqtisadi potensialından xəbər verir. Günəş və külək elektrik stansiyalarının yaradılması üçün daha böyük potensial var. Müasir infrastruktur vardır – həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirir. Güclü siyasi iradə vardır. Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri vardır. Bütün bu amillərin vəhdəti ölkəmiz üçün çox gözəl bir imkanlar yaradır.
Əfsər Abdullayev,
Cəlilabad RİH-in əməkdaşı