Azərbaycanla Avropa İttifaqı əməkdaşlığının böyük tarixi var. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı prioritet vəzifə kimi qarşıya qoydu. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən ölkəmiz strateji mövqeyini möhkəmləndirmək üçün Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməyə böyük üstünlük verdi. Bu əməkdaşlıq ölkəmizin starteji mövqeyinin möhkəmləndirilməsi baxımından çox zəruri idi. Avropa İttifaqı tərəfindən irəli sürülmüş Vahid Avropa Birliyi formulu Azərbaycan üçün çox önəmli idi. Çünki bu modelin əsas məqsədi regiondakı dövlətlərlə nüfuzlu qurum arasında əməkdaşlığın ən müxtəlif istiqamətlərdə möhkəmləndirilməsinə yönəldilmişdi. Avropa İttifaqı kimi nüfuzlu qurumla 1993-cü ildə əsası qoyulmuş diplomatik münasibətlər son 18 ildə qarşılıqlı maraqlar əsasında daha da möhkəmləndirilmişdir.
Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Rəsmi Bakı Avropa İttifaqı ilə bir sıra hüquqi sazişlər imzalamaqla azad bazar iqtisadiyyatının tam bərqərar olması, insan hüquqlarına və milli azlıqların hüquqlarına riayət edilməsi məsələlərinə dair təşkilata nəzarət -- yoxlama səlahiyyətləri vermiş, əvəzində qurumdan ölkəmizə qarşı hər hansı diskriminasiya xarakterli qərarın qəbul olunmayacağına təminat almışdır.
Avropanın aparıcı ölkələrini öz sıralarında birləşdirən Aİ ilə Azərbaycan arasında siyasi dialoq yüksək səviyyədədir. Şarl Mişelin ölkəmizə son səfəri bunu bir daha təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyevlə Şarl Mişelin təkbətək görüşü iki saat davam edib. Danışıqlar Azərbaycan-Avropa İttifaqı münasibətlərinin geniş spektrini əhatə edib, o cümlədən siyasi dialoqdan məmnunluq ifadə olunub, ticarət əlaqələri, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri, həmçinin Cənubi Qafqazda əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Şarl Mişelin region ölkələrinə səfərində protokol qaydalarına tam riayət olunub, Azərbaycan, Ermənistan və Gürcüstana eyni vaxt ayrılıb. Müqayisə üçün bildirək ki, biz zamanında Almaniya kansleri Angela Merkelin, Fransa prezidenti Fransua Olandın regiona səfəri zamanı bu balansın gözlənilməməsinin şahidi olmuşuq. Avropa İttifaqının yüksəksəviyyəli rəsmisi Azərbaycanın regionlarına səfərə gedib, Şamaxıda olub və Cümə məscidini ziyarət edib. Bu, Avropa İttifaqı Şurası Prezidentinin Azərbaycan xalqının dəyərlərinə, İslam dininə hörmətinin göstəricisidir. Azərbaycana səfəri çərçivısində “Azərkosmos” ASC-də olan, İpək yolu və Ələt Azad İqtisadi zonası ilə bağlı təqdimatlara qatılan Şarl Mişel ölkəmizin inkişaf səviyyəsi və perspektiv inkişaf istiqamətləri ilə də tanış olub.
Azərbaycanla Avropa İttifaqı arasındakı siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq digər istiqamətlərdə də əməkdaşlıq uğurla inkişaf edir. Bütövlükdə, gündəlik kifayət qədər genişdir və müxtəlif istiqamətləri əhatə edir. Siyasi təmaslar əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Tərəflər uzun illərdir ki, müxtəlif sahələrdə birlikdə işləyirlər. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkəmizin ticarətinin, demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötən il Azərbaycanın Aİ ilə ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları təşkil edib. Hazırda respublikamızın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Aİ-yə üzv dövlətlərdən olan 1700-dən çox şirkət ölkəmizdə uğurla fəaliyyət göstərir. Ölkəmiz, həmçinin Aİ-yə üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox böyük fəallıq göstərir. Prezident İlham Əliyev iyulun 18-də geniş tərkibdə görüşdən sonra mətbuata verdiyi bəyanatında Azərbaycanla Aİ arasında əlaqələrin yüksələn xətlə inkişafından məmnunluğunu bildirərək vurğulayıb: “Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır”.
Azərbaycanla Aİ arasındakı əməkdaşlığın mühüm bir istiqaməti, sözsüz ki, enerji təhlükəsizliyi ilə bağlıdır. Artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. 2020-ci ilin dekabrında Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP istifadəyə verildikdən sonra respublikamız Avropa ölkələrinə, həmçinin “mavi yanacaq” ixrac etmətə başlayıb. Trans-Adriatik kəməri artıq fəaliyyətdədir. Cari il yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi perspektivdə daha da artacaq. Azərbaycanın moderatorluğu ilə inşa olunan Cənub Qaz Dəhlizi “qoca qitə”nin enerji asılılığının aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır. Mütəxəssislər çox haqlı olaraq bildirirlər ki, Avropa alternativ təchizat mənbəyi və marşrutu qazanıb.
Belə nəticə hasil olur ki, Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri tərəfdaşlığımızın göstərcisidir. Əməkdaşlıq çərçivəsində uzun illərdir müxtəlif sahələrdə birgə işlər görülür. Eyni zamanda, əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı əsaslar mövcuddur. Şarl Mişelin Qafqazın 3 ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, ölkəmizin gündəliyinə tam uyğundur. Düşünürük ki, dayanaqlı sülh naminə əməkdaşlıq. Avropa İttifaqı regional əməkdaşlıq səylərində iştirak etmək, həvəsləndirmək arzusundadır. Dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri genişlənməlidir.
Arif Nəcəfov, Cəlilabad şəhər sakini