Azərbaycan bir çoxlarının iddia etdiyi kimi, yalnız neftdən asılı olan iqtisadiyyat yaratmayıb. İllərlə reallaşdırılan proqramlar imkan verir ki, neftin ucuzlaşması mərhələsində belə ölkədə gəlir gətirən özəl sektor fəaliyyət göstərsin. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır.
Prezidentin cari ilin 4 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində çıxışında deyildiyi kimi,üç il müddətində “Çıraq” platformasından ilk neft hasil olundu. Bu, neft sahəsinin tarixində çox əlamətdar və rekord bir hadisə idi. Müqavilənin imzalanmasından hasilata qədər cəmi üç il vaxt ötdü və sonra Qara dəniz limanlarına gedən iki boru xətti istismara verildi. 1999-cu ildə onların hər ikisi artıq işlək idi. Sonra çox çətin relyef şəraitində və region ölkələrinin və şirkətlərinin güclü əməkdaşlığı ilə uzunluğu 1700 kilometrdən artıq olan Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəməri ərsəyə gəldi.
BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasimi əlamətdar hadisədir. Bu layihələrin başlanması Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir;
“Şahdəniz” Azərbaycanda qaz qıtlığına son qoydu. Çünki ondan əvvəl biz təbii qazı idxal edirdik, indi onu ixrac edirik və bizim ixracımız artır, çox güman ki, bu il 24 milyard kubmetrdən artıq olacaq. Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdı. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi;
Qaz təchizatımızın coğrafiyası artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir. Bunun sayəsində Azərbaycan çox az itki ilə yeni inkişaf səviyyəsinə yüksələ biləcək.
Bizcə, Bakıda keçirilən ənənəvi tədbirin iştirakçıları üçün ən maraqlı olan məhz bu məqam olub. Prezident İlham Əliyevin çıxışı ilə bağlı öz fikirlərini ifadə edənlərin söylədikləri belə bir nəticə çıxarmağa əsas verir.
Əmrah Quliyev,
Cəlilabad Bələdiyyələrinin Əlaqələndirmə
Şurasının Sədri