146 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoymuş, öz fəaliyyəti ilə müstəqil dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, istiqlal ideyalarının yayılmasında, habelə milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamışdır.
Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.
Hazırda həyata keçirilən sistemli islahatlar, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət dəyişiklikləri, ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsi dinamik inkişaf edən Azərbaycanda müasir dövlət quruculuğunun başlıca istiqamətlərini təşkil edir. Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən İnternet resursları fəaliyyət göstərərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində mühüm əhəmiyyət kəsb edirlər. 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti əvəzolunmaz idi. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi İrəvanın törədiyi hərbi cinayətlər haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Öz peşə vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalistin minaya düşərək həlak olması faktı isə beynəlxalq jurnalistlər birliyinin sərt reaksiyasına səbəb olmuşdur. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənmişlər.
Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla belə, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır.
Aydın Hüseynov, “Yeni gün” qəzetinin baş redaktoru