• C. Noy 29th, 2024

Milli ordumuz xalqımızın qürur mənbəyidir 

ByVuqar Ferzeliyev

Apr 12, 2023


        Məlum olduğu kimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1998-ci ildə imzaladığı müvafiq Fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox mühüm addım atdı və Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi.

       Xalqın təkidli çağırışlarına səs verərək 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider ordu quruculuğu sahəsində tarixi qərarlar qəbul etdi və genişmiqyaslı islahatlara start verdi. Silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı, dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Müəyyən qrupların və siyasi dairələrin şəxsi maraqlarına xidmət edən silahlı dəstələr buraxıldı, ayrı-ayrı qoşun növlərinin, hərbi hissələrin formalaşdırılması prosesi qısa müddət ərzində tam başa çatdırıldı, eyni zamanda, orduya çağırış və fərarilik halları ilə bağlı problemlər həll edildi. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı və maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı.

        Ümummilli Lider Heydər Əliyevin ideyalarının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev strateji əhəmiyyətli sahələrdə dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirərək müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizamlı və yüksək döyüş ruhu ilə seçilən Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasına nail oldu.       

        Ölkənin hərbi qüdrətini artırmaq, Silahlı Qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.   

          Azərbaycan Silahlı Qüvvələri daim Vətənin keşiyində dayanaraq ölkənin təhlükəsizliyini, müdafiəsini və ərazi bütövlüyünün qorunması təminatını ən yüksək səviyyədə həyata keçirir. Bir daha əminliklə qeyd etmək istərdik ki, qalib Azərbaycan Ordusu bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, hərbi intizamını artıracaq, döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldəcək və Müzəffər Sərkərdəmiz, cənab Ali Baş Komandanımız İlham Əliyevin növbəti əmr və tapşırıqlarını yerinə yetirmək üçün hər an hazır olacaqdır.

Nahid Babayev,

Cəlilabad rayon Alar kənd

2 nömrəli tam orta məktəbin direktor müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir