Məlum olduğu kimi, ölkəmizdə COVID-19-a qarşı səmərəli mübarizə aparılır. Artıq xeyli müddətdir ki, ölkəmizdə peyvəndlənmə prosesi gedir. Azərbaycan vaksinasiya məsələsində Cənubi Qafqazda lider ölkədir. Buna baxmayaraq, son günlər ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmada artım müşahidə olunur.
Mütəxəssislərin vurğuladıqları kimi, qorxulu kabus kimi bəşəriyyətin başı üzərini alan yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq üçün ən yaxşı yol peyvəndləmədir. Azərbaycanda yanvarın 18-dən etibarən COVID-19 əleyhinə vaksinasiya həyata keçirilir. Təəssüf ki, bəzi insanlar vaksinasiyadan sonra heç bir qorunma tədbirinə əməl etməyə ehtiyac olmadığını düşünürlər, lakin bu, qətiyyən doğru deyil. Mütəxəssislərin sözlərinə görə, vaksinasiyanın qoruyuculuğu 60-90 faiz arasında dəyişir. Vaksinasiyadan sonra orqanizmdə yaranan anticisimlərin miqdarı fərdi xarakter daşıyır. Mütəxəssislər, eyni zamanda, hər kəsin sanitar-gigiyenik qaydalara əməl etməsinin zəruriliyini də xüsusi vurğulayırlar. Qeyd olunur ki, açıq havada tibbi maska taxmaq məcburiyyəti aradan qaldırılsa da, ondan tam imtina etmək hələ tezdir. Həkimlər bəzi həssas risk qrupundan olanların açıq havada, xüsusilə insanların sıxlıq təşkil etdiyi ərazilərdə, keçid və dayanacaqlarda, növbədə və s. yerlərdə qoruyucu maskadan istifadə etmələrini məsləhət görürlər.
Əsasən, əməliyyatdan təzə çıxanların, tez-tez soyuqlayanların və tez-tez xəstələnənlərin özlərini qorumaq üçün açıq havada tibbi maska taxmaları məsləhətdir. Yeni növ koronavirus infeksiyası əsasən yuxarı tənəffüs yollarından infeksiya şəklində yoluxur. Ona görə də yuxarı tənəffüs yollarında infeksiya xəstəlikləri – tonzilit, faringit, burun tənəffüsü problemləri və yaxud allergiyası olanların, özündə qrip və virus əlaməti kimi hər hansı narahatlıq hiss edənlərin də açıq havada qoruyucu maskadan istifadə etmələri yaxşı olardı. Açıq havada tibbi maskaları bəzən çənəsinə endirənlər, aksesuar kimi qollarına taxanlar, əllərində, ciblərində və çantalarında gəzdirənlər olur. Bu isə infeksiyaya yoluxmaq üçün zəmin yaradır. Bu səbəbdən prinsipcə üçüncü doza faydalıdır. Peyvəndlər digər insanları da qoruyur. Çox az sayda olsa da vaksinasiyaya əks göstərişi olan insanlar da var. Peyvənd olunanlar qazanılan immunitet sayəsində onları da qorumuş olur. Bu siyahıya vaksinasiya strategiyasına uyğun olaraq hamilə qadınlar, süd verən analar, 18 yaşdan kiçik vətəndaşlar da aiddir. Biz koronavirusa qarşı mübarizədə hər kəsi diqqətli olmağa çağırırıq. Kimsə özündə virusun cüzi əlamətini hiss edərsə, mütləq müayinə olunmalı, xəstəlik aşkar olunarsa, cəmiyyətdən təcrid olunmalıdır: “COVID-19-a yoluxmamaq üçün ehtiyatı əldən verməməliyik. COVID-19 infeksiyasına yoluxanların 90 faizi xəstəliyi simptomsuz və yüngül keçirdiyindən onlarda yoluxma elə də hiss olunmur və ətraf üçün təhlükə mənbəyinə çevrilirlər. Həmin şəxslər özlərində hər hansı klinik əlamətin olduğunu və ya xəstə olduqlarını bilmir, ailə daxilində və ya tədbirlərdə, eləcə də məkanlarda qoruyucu vasitələrdən istifadə etmirlər. Bu səbəbdən də təmasda olduqları şəxsləri yoluxdururlar. Unutmayaq ki, adi bir məsuliyyətsizlik böyük problemlərə yol açır. Ümid edirəm ki, tezliklə peyvəndləmənin müsbət effektini hər birimiz öz həyatımızda hiss edəcəyik.
Aynur Məmmədova, Cəlilabad RMX Poliklinika şöbəsinin müdiri